Paşinyan "B planı"na işarə edir: Azərbaycan Ermənistanı xilas edəcək?
“Ermənistanda qaz ucuz deyil. Sərhəddən istehlakçıya qədər olan bu yolda qiymət artımı digər ölkələrlə müqayisədə ən böyükdür. Şaxələndirməyə getməyəcəyimiz heç bir sahə yoxdur. Siyasi qərar belədir ki, biz müstəqilliyimizi və dövlətçiliyimizi inkişaf etdirəcəyik. Qalanları cari məsələlərdir və konkret situasiyaların konkret həlləri ola bilər”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 11-də keçirilən brifinqdə bildirib. O qeyd edib ki, ikinci və ya üçüncü mənbədən qaz almaq imkanı yaranarsa, hakimiyyət bu addımı atacaq.
Bu fikirlərdən Nikol Paşinyanın Rusiyanın qaz təzyiqinə hazırlaşdığı görünür. Maraqlıdır, Paşinyan hansı imkanlara arxayındır? Azərbaycan qazı Ermənistanı xilas edə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı ekspert Emin Qəribli bildirib ki, alternativ mənbə deyəndə Azərbaycan nəzərdə tutulur. Bununla yanaşı, o, Gürcüstanda da qazın Ermənistandan daha ucuz olduğunu bildirib:
“Ermənistan bu gün müəyyən təzyiqlərə məruz qalır, xüsusən də Rusiya tərəfindən. Müəyyən dərəcədə müstəqil siyasət aparır və qəbul etdiyi qanunlara görə inteqrasiyanı seçərək Avropaya yönəlir. Rusiya Prezidenti Vladimir Putin də qeyd etmişdi ki, Avrasiya İqtisadi Birliyindən çıxmadan Avropa İttifaqına daxil olmaq mümkün deyil. Avropa İttifaqına girmək də bir-iki illik iş deyil. Bu qərar qəbul olunubsa, təbii ki, təzyiqlər artacaq. Lakin bunun nə qədər uğurlu olacağını bilmirik. Məsələn, Şərqi Avropa ölkələrinin təcrübəsini bilirik. Bəziləri uğurlu olub, məsələn, Polşa və Baltikyanı ölkələr. Uğursuz da olub, o da Ukraynadır. Ermənistanı isə hansı aqibətin gözlədiyini bilmirik.
Prezident İlham Əliyev çıxışlarında qeyd edib ki, ilk növbədə Naxçıvana öz elektrik enerjimizi keçirəcəyik və çox güman ki, Ermənistanı da elektrik enerjisi ilə təmin etməyə hazırıq. Ermənistan adekvat siyasət yürüdərsə, reallıqları qəbul edərsə, təbii ki, daha az təzyiqlərə məruz qalar. Azərbaycan nəinki Ermənistanı, bir çox ölkələri qazla təmin edir və bu ölkələrin sayı artacaq”.
Ekspert digər ehtimaldan da bəhs edib:
“İrandan da qaz təchiz oluna bilər. Lakin bu, müəyyən mərhələdə mümkün ola bilər, çünki İranın da vəziyyəti elə də yaxşı deyil. Ona görə mənə elə gəlir ki, bu, əsasən Azərbaycana aiddir. Ermənistan hökuməti öz milli maraqlarına uyğun addım atarsa, uğur qazana bilər.
Bizim siyasətimiz nədir? Nəqliyyat-kommunikasiya xətlərini açmaq istəyirik, oradan məhsullarımızı Naxçıvana, Türkiyəyə, Avropaya keçirmək istəyirik. Bu, Ermənistan əhalisi üçün də, dövləti üçün də labüddür. Hesab edirəm ki, müvafiq addım atarsa, daha uğurlu olar”.
Qiymət Mahir