Bir vaxtlar Zelenskini təmsil edirdi, indi isə dövlətə xəyanətdə şübhəli bilinir
Ukrayna Prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel dövlətə xəyanətdə şübhəli bilinir.
TodayPress TV xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Baş Prokurorluqla birgə Yuliya Mendel barəsində qiyabi şəkildə şübhə elan edib. Ona hərbi vəziyyət dövründə dövlətə xəyanət, eləcə də Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandırmaq və onu inkar etmək ittihamları irəli sürülüb.
Ukraynalı hüquq-mühafizə orqanlarının məlumatına görə, aparılan ekspertizalar və araşdırmalar Mendelin ictimai çıxışlarında və sosial şəbəkə paylaşımlarında Ukraynanın beynəlxalq nüfuzuna xələl gətirdiyini, Rusiya hakimiyyətinə və Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibəyə haqq qazandırdığını üzə çıxarıb.
SBU-dan bildirilib ki, Yuliya Mendel hazırda ölkə xaricindədir. Onun məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Kübra Musayeva