İranda Azərbaycan dilində təhsil - Pezeşkian verdiyi vədi yerinə yetirəcək?
İranda yaşayan azərbaycanlıların ana dilində təhsil hüququ uzun illərdir müzakirə mövzusu olsa da, Konstitusiyada təsbit edilən bu hüquq hələ də praktikada təmin olunmayıb. Bu problemin həlli üçün İran hökumətinə mərhələli addımlar atmaq və Azərbaycan dilinin təhsil sistemində yerini müəyyənləşdirmək təklif olunur.
TodayPress TV xəbər verir ki, bu fikirləri AMEA Rəyasət Heyətinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov bildirib.

“İranda yaşayan azərbaycanlılar tarix boyu bu ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında mühüm rol oynayıb, onun inkişafına əhəmiyyətli töhfələr veriblər. Lakin soydaşlarımızın öz doğma ana dilində təhsil almaq hüququ bu günədək təmin edilməyib. Azərbaycan dili zəngin ədəbi-tarixi irsə malik olsa da, təəssüf ki, gündəlik ünsiyyət vasitəsi kimi məişət mühitindən kənara çıxa bilməyib. Halbuki ana dilində təhsil hüququ yalnız dil və mədəniyyət məsələsi deyil, həm də fundamental insan hüquqlarının tərkib hissəsidir.
İran Konstitusiyasının 15-ci maddəsində regional və etnik dillərin mətbuatda və kütləvi informasiya vasitələrində istifadəsinə, həmin dillərin ədəbiyyatının məktəblərdə tədrisinə icazə verilir. Göründüyü kimi, Azərbaycan dilinin tədrisi üçün konstitusion əsas mövcuddur. Ancaq bu hüquqi imkanlar indiyədək praktikada tam reallaşdırılmayıb. İlk növbədə məktəblərdə Azərbaycan dilinin sistemli tədrisi üçün proqramlar hazırlanmalı, dərsliklər nəşr edilməli və ixtisaslı müəllimlər yetişdirilməlidir.
Bu istiqamətdə Dağıstan və Gürcüstan təcrübəsindən istifadə etmək mümkündür. Həmin ölkələrdə azərbaycanlıların kompakt yaşadığı ərazilərdə ana dilində təhsil və Azərbaycan dilinin ayrıca fənn kimi tədrisi sahəsində müəyyən təcrübə formalaşıb. Azərbaycan da öz elmi-pedaqoji potensialını və bu sahədə qazandığı təcrübəni İranla bölüşə bilər. Eyni zamanda, Azərbaycan dilində təhsillə bağlı tələblərin separatçılıq və ya ölkənin ərazi bütövlüyünə təhlükə kimi qiymətləndirilməsi düzgün yanaşma deyil. Dövlət dilinin qorunması digər xalqların ana dilində təhsil hüququnun təmin edilməsinə mane olmamalıdır.
Məsələnin həlli mərhələli şəkildə həyata keçirilə bilər. İlk addım olaraq məktəblərdə Azərbaycan dili və ədəbiyyatı ayrıca fənn kimi tədris olunmalı, növbəti mərhələdə ikidilli təhsil modelinə keçid imkanları nəzərdən keçirilməlidir. Uzunmüddətli perspektivdə isə Azərbaycan dilində təhsil verən məktəblərin açılması və ali təhsil müəssisələrində bu dildə tədrisin təşkili vacibdir. İran Prezidenti Məsud Pezeşkianın 2024-cü il seçki kampaniyası zamanı Konstitusiyanın 15-ci maddəsinin icrası ilə bağlı verdiyi vədlər də bu baxımdan əhəmiyyətlidir. Lakin 2025-ci il fevralın 26-da parlamentdə qeyri-fars dillərinin məktəblərdə seçmə fənn kimi tədrisini nəzərdə tutan qanun layihəsi 104 lehinə, 130 əleyhinə səslə qəbul edilməyib. Buna baxmayaraq, hesab edirəm ki, Pezeşkian hökuməti siyasi iradə nümayiş etdirərək bu məsələnin həlli istiqamətində addımlar ata bilər. Azərbaycan dili İranda yaşayan soydaşlarımızın milli kimliyinin və tarixi irsinin ayrılmaz hissəsidir”, - deyə Coşqun Məmmədov bildirib.
Jalə Rövşən