İranın qeyri-dost addımlarına hazır olmalıyıq - Arazın o tayında nə baş verir ? - ŞƏRH

İranın qeyri-dost addımlarına hazır olmalıyıq - Arazın o tayında nə baş verir ? - ŞƏRH
03.11.2026 16:41 Təhlil

Yaxın Şərqdə yenidən alovlana biləcək İran-İsrail müharibəsi artıq təkcə Qəzza və ya Livan cəbhəsi ilə məhdudlaşmır. Alov demək olar ki, cənub sərhədlərimizə qədər çatıb. Dünən Araz çayının cənubunda - birbaşa Azərbaycanla sərhəd zonasında İranın hərbi texnikası və ballistik raket buraxılış qurğularının müşahidə olunması ciddi narahatlıq doğurur.

İsrailin regional zərbələri fonunda Tehranın hərbi manevrlərini sərhədimizə bu qədər yaxınlaşdırması nəyə işarədir? Yaxın Şərqdəki böyük toqquşma tam miqyas alarsa, Azərbaycanı nə gözləyir?

Sözügedən məsələ ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə açıqlamasında bildirib ki, İran-İsrail qarşıdurmasının genişmiqyaslı müharibəyə çevrilməsi regionla yanaşı, dünya üçün də ciddi təhlükələr yarada bilər.

Onun sözlərinə görə, münaqişənin ABŞ-nin də birbaşa iştirakı ilə davam etməsi vəziyyəti daha da mürəkkəbləşdirir:

“Əgər gözlənildiyi kimi, 3 noyabr seçkilərindən sonra İran-İsrail müharibəsi başlasaydı, bu, nə dünya, nə də region ölkələri üçün elə də ciddi problem yaratmazdı. Bəlkə də müharibə uzun sürməzdi. Tərəflər bir-birinə raket zərbələri endirər, özlərini qalib elan edib kənara çəkilərdilər. Ancaq problem ondadır ki, müharibə ABŞ, İsrail və İran arasında baş verə bilər və bu günə qədər də belə olub.

Bölgəyə əlavə aviadaşıyıcı gəmilər, yeni silahlar və bombardmançı təyyarələr gətirilib. Hətta nüvə silahı, o cümlədən taktiki nüvə silahı ilə zərbə endirilməsi ehtimallarından da danışılmağa başlanılıb”.

Analitik İranın mümkün müharibə şəraitində Yaxın Şərqlə məhdudlaşmayan təhdidlər səsləndirdiyini və bu vəziyyətin Azərbaycanın təhlükəsizliyi baxımından da diqqətlə izlənilməli olduğunu vurğulayıb:

“İran da özünə sadiq qalaraq bütün dünyanı hədələməyə başlayıb. Elan edib ki, İranın zərbələri Yaxın Şərq bölgəsindən kənara çıxacaq, Avropanın ürəyini və orada yerləşən hərbi bazaları hədəf alacaq. Hətta Cənubi Qafqazla bağlı da müəyyən iddialar var. Bu səbəbdən təbiidir ki, Azərbaycanda da yenidən başlayacaq hərbi əməliyyatlar müəyyən problemlər yarada bilər. Biz İranın qeyri-dost addımlarına hazır olmalıyıq. Baxmayaraq ki, Azərbaycan ərazisindən İrana qarşı heç bir addım atılmayıb və atıla da bilməz, yenə də Azərbaycan ordusu və mən bir vətəndaş olaraq gözlənilməz halların baş verməsi ehtimalını nəzərə almalı və hazır olmalıyıq”.

Müsahibimiz hesab edir ki, İranın Azərbaycana qarşı hərbi addım atması ehtimalı yüksək deyil.

Onun qənaətincə, Tehranın əsas hədəfləri ABŞ-nin regiondakı hərbi bazaları və həmin bazaların yerləşdiyi ölkələr ola bilər:

“Güman edirəm ki, İran belə bir addım atmayacaq. Əsas hədəflər ABŞ-ın bölgədə yerləşən hərbi bazaları və bu bazaların yerləşdiyi ölkələr olacaq. Ola bilsin ki, Avropa ölkələrinə də zərbə cəhdləri reallaşsın. Bu da mümkündür. Belə addımlar İrana qarşı böyük bir koalisiyanın nəhayət yaranmasına gətirib çıxaracaq. İran bu təhlükələri nəzərə almalı idi”.

O, diplomatik razılaşma imkanlarının hələ də mövcud olduğunu, tərəflərin mövqelərində müəyyən yumşalmanın müşahidə edildiyini də diqqətə çatdırıb:

“Ancaq razılaşma ehtimalları da hələ qalır. Hadisələrin gedişi göstərir ki, İran da müəyyən qədər əvvəlki mövqeyindən geri çəkilmək istədiyini nümayiş etdirir. Yumşalma arzu olunan səviyyədə olmasa da, hiss olunur.

Ümid edək ki, bu yanaşma son nəticədə yeni sənədin imzalanmasına gətirib çıxaracaq. Tramp da bütün təzyiqlərə və təlqinlərə baxmayaraq, hələ zərbə endirmək barədə qərar qəbul etmədiyini deyir. Ümidimiz odur ki, məsələ nəhayət sülh yolu ilə həll olunacaq. ABŞ-nin vitse-prezidenti Vensin cəhdləri öz nəticəsini verəcək və bölgəmiz çox böyük təhlükədən, əslində isə bütün dünya böyük bir təhlükədən xilas olacaq”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər