Nvidia taxtını itirdi: Apple yenidən dünyanın ən bahalı şirkəti oldu
Apple Nvidia-nı geridə qoyaraq yenidən bazar kapitallaşmasına görə dünyanın ən bahalı şirkəti olub. Oktyabrın 30-da keçirilən hərracların yekunlarına əsasən, Apple-ın bazar dəyəri 5,03 trilyon dollara, Nvidia-nın bazar kapitallaşması isə 4,93 trilyon dollara çatıb.
TodayPress TV-nin Bloomberg-ə istinadən verdiyi məlumata görə, həmin gün Apple-ın səhmləri 1,2%, Nvidia-nın səhmləri isə 4,2% ucuzlaşıb. İyulun sonunda da Apple qısa müddətə bazar dəyərinə görə Nvidia-nı geridə qoymuşdu.
Agentliyin məlumatına görə, investorlar süni intellektə çəkilən böyük xərclərlə bağlı narahatlıqlar fonunda Apple-ı daha etibarlı aktiv hesab edirlər. Intel və Amazon şirkətlərinin zəif maliyyə hesabatları da bazara əlavə təzyiq göstərib və süni intellektə yatırılan investisiyaların perspektivləri ilə bağlı sualları yenidən gündəmə gətirib.
Bununla yanaşı, süni intellektin inkişafına çəkilən xərclər artıq iri texnologiya şirkətlərinin maliyyə göstəricilərinə təsir edir. Alphabet və Amazon şirkətlərinin sərbəst pul axını mənfi göstəriciyə düşüb. Şirkətlər getdikcə daha çox borc bazarından vəsait cəlb edir, faiz dərəcələrinin artması isə kreditləri bahalaşdırır.
Oktyabr ayında Nasdaq 100 indeksi 6,7% azalaraq 2025-ci ilin martından bəri ən zəif aylıq nəticəsini göstərib. Süni intellekt üçün hesablama gücü təqdim edən CoreWeave və Nebius Group şirkətlərinin səhmləri ay ərzində 30%-dən çox ucuzlaşıb. Intel-in səhmləri isə oktyabrda dəyərinin 45%-dən çoxunu itirib.
İnvestorlar süni intellekt infrastrukturlarına yatırılan böyük həcmli investisiyaların yaxın zamanda şirkətlərin gəlirlərində eyni səviyyədə artım yaradacağına getdikcə daha çox şübhə ilə yanaşırlar.
Gültac Mehdizadə