Türk Dövlətləri Təşkilatının aqibəti necə olacaq? - AÇIQLAMA
Türkiyədə keçirilən Türk Dövlətləri Təşkilatının son Zirvə görüşündən sonra təşkilatın gələcək fəaliyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr yenidən gündəmə gəlib. Bəzi üzv və müşahidəçi ölkələrin görüşdə iştirakı ilə bağlı yaranan suallar, eləcə də təşkilat daxilindəki mövcud fikir ayrılıqları TDT-nin gələcək taleyi ilə bağlı müxtəlif ehtimalları ortaya çıxarır.
Bəs son hadisələr Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə necə təsir göstərəcək? TDT-nin gələcəyi necə olacaq ?

Sözügedən məsələ ilə bağlı politoloq Samir Hümbətov TodayPress TV-yə açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı bəzi suallar ortaya çıxır:
"Bəzən belə fikirlər səsləndirilir ki, bundan sonra təşkilata kimlər qoşulacaq? Məsələn, Macarıstan sonuncu tədbirdə iştirak etmədi, Azərbaycanın iştirakı aşağı səviyyədə oldu və sair. Bu cür açıqlamalar səslənir. Amma düşünmürəm ki, bu xırda nüansları nəzərə almaqla təşkilatın gələcək fəaliyyətinin zəifləyəcəyini söyləmək doğru olar.
Çünki artıq dövr elə bir mərhələyə gəlib çatıb ki, beynəlxalq siyasətdə qütbləşmə və qloballaşma prosesləri sürətlənir. Belə bir şəraitdə bu cür təşkilatlanmaya ciddi ehtiyac yaranır. Düşünürəm ki, yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatı nəinki zəifləyəcək, əksinə, daha da güclənə bilər".
O qeyd edib ki, bəzən kənar müdaxilələrin artması təşkilat daxilində müəyyən zəifləmə proseslərini sürətləndirə bilir:
"Bu baxımdan, Türk Dövlətləri Təşkilatının hazırda bir sınaq mərhələsindən keçdiyini düşünmək olar. İndiki vəziyyət təşkilatın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini, beynəlxalq birliklə münasibətlərini, üzv dövlətlər arasında yaranan gərginliklərin aradan qaldırılmasını və təşkilati strukturunun möhkəmləndirilməsi istiqamətində görüləcək işləri gündəmə gətirir.
Məncə, hər bir təşkilatda belə hallar baş verə bilər. Avropa İttifaqında Yunanıstanın defolt vəziyyətinə düşməsi, İspaniyanın da iqtisadi böhranla üzləşməsi ittifaqın dağılmasına səbəb olmadı. Əksinə, Avropa İttifaqı bu gün də fəaliyyətini davam etdirir".
Müsahibimizin sözlərinə görə, Ərəb Dövlətləri Liqasında da oxşar hallar yaşanıb:
"Suriyada baş verən böhran zamanı ölkənin üzvlüyü dayandırılmışdı, lakin sonradan Suriya yenidən təşkilata qaytarıldı. Yəni belə nümunələr çoxdur. Buna görə də düşünmürəm ki, hazırda müşahidə olunan proseslər Türk Dövlətləri Təşkilatının dağılmasına gətirib çıxara bilər".
Jalə Rövşən