İsrail xəbərdarlıq etdi, Körfəz ölkələri inanmadı - İran kimyəvi silah hazırlayır?
İsrail İrana qarşı kimyəvi silahdan istifadə imkanlarını araşdırdığı iddiası ilə bağlı ABŞ-yə kəşfiyyat məlumatları təqdim edib. Lakin amerikalı rəsmilər bu məlumatların etibarlılığı ilə bağlı fərqli qiymətləndirmələr aparıblar.
TodayPress TV-nin “The New York Times”a istinadən verdiyi məlumata görə, ABŞ hökumətinin bəzi nümayəndələri bu xəbərdarlığı narahatlıqla qarşılayıb, digərləri isə ona şübhə ilə yanaşıblar. Bir sıra rəsmilərin fikrincə, bu məlumatlar İsrailin Baş naziri Benyamin Netanyahunun hökumətinin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmağa yönəlmiş səylərinin bir hissəsi ola bilər.
Nəşrin məlumatına görə, İsrail tərəfi Fars körfəzi ölkələrinə də İranın kimyəvi silahı döyüş hazırlığı vəziyyətinə gətirmək üzərində işləyə biləcəyi barədə məlumat verib. Bununla belə, heç bir sübut təqdim edilməyib. Qəzetin mənbəsinin sözlərinə görə, region dövlətləri bu xəbərdarlıqları inandırıcı hesab etməyiblər.
“NYT” qeyd edir ki, son iki həftə ərzində İsrail nümayəndələri ABŞ kəşfiyyat xidmətlərini Tehranın nüvə ambisiyaları ilə müqayisədə kimyəvi silahdan istifadə təhlükəsinin daha yaxın olduğu barədə xəbərdar ediblər. Xüsusilə, İranın raketləri kimyəvi döyüş sursatları ilə təchiz etmək texnologiyalarını sürətlə hazırladığı və ya sonradan hücum etmək məqsədilə belə silahları gizli şəkildə İsrailə və ya başqa ölkəyə çatdırmaq imkanını nəzərdən keçirdiyi iddia olunub.
Ağ Ev bu məlumatı şərh etməkdən imtina edib, Mərkəzi Kəşfiyyat İdarəsi isə açıqlama verməyib. İsrail hərbçiləri də heç bir izahat təqdim etməyiblər.
Bununla yanaşı, İsrailin Daxili Cəbhə Komandanlığı bu həftə təlimlər keçirir, lakin onların proqramına mümkün kimyəvi hücuma hazırlıq daxil edilməyib. “NYT”nin məlumatına görə, zabitlərə xüsusi xəbərdarlıqlar göndərilməyib, əhaliyə isə təhlükə ilə bağlı bildirişlər verilməyib.
Gültac Mehdi̇zadə