Əmək müqaviləsi imzalayarkən hansı 7 maddəyə diqqət etməlisiniz? - Ekspert izah etdi
Əmək müqaviləsini imzalamazdan əvvəl onun şərtləri ilə tanış olmaq mütləqdir.
Bu barədə TodayPress TV-yə əmək hüququ üzrə ekspert Etibar Qarayev bildirib.

Onun sözlərinə görə, işə qəbul zamanı əmək müqaviləsinin məzmununun oxunmadan imzalanması sonradan əmək funksiyası, əməkhaqqı və digər şərtlər üzrə mübahisələrə səbəb ola bilər. Müqavilənin elektron şəkildə imzalanması məsələsi də məhz müqavilənin mətnini oxumadan imzalanmasına səbəb ola bilir. Müqavilənin nümunəvi formasının qanunvericiliklə müəyyən edilməsi, məzmun və şərtlərin işəgötürən tərəfindən hazırlanması hər bir müqavilənin bütün müddəalarının qanunvericiliyə tam uyğun olması demək deyil.
Bəs hansı şərtlərə diqqət yetirilməlidir?
•Əmək funksiyası
Vəzifə və yerinə yetiriləcək işlər dəqiq müəyyən edilməlidir. “Digər tapşırıqları yerinə yetirmək” kimi ümumi ifadə işəgötürənə əmək funksiyasından kənar istənilən işi tələb etmək səlahiyyəti vermir.
•Əməkhaqqı və ödəniş şərtləri
Əməkhaqqının məbləğinin, ödəniş müddətlərinin, əlavələrin və mükafatların verilmə qaydası yoxlanılmalıdır. Mükafatın təminatlı ödəniş, yoxsa müəyyən nəticələrdən və işəgötürənin qərarından asılı həvəsləndirmə tədbiri olduğunu dəqiqləşdirilməlidir.
•Müqavilənin müddəti
Müqavilənin müddətli və ya müddətsiz bağlandığını müəyyən edilməlidir. Daimi xarakterli işlər üzrə, Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilə müddətsiz bağlanmalıdır. Müddətli müqavilə təklif edildikdə onun hüquqi əsasını və bitmə tarixini dəqiqləşdirilməlidir.
•Sınaq müddəti
Sınağın tətbiqinə yol verilib-verilmədiyi və müddətinin qanuni hədlərə uyğunluğu yoxlanılmalıdır. Müqavilədə sınaq müddəti göstərilməyibsə, müqavilə sınaqsız bağlanmış hesab olunur, sonradan birtərəfli əmrlə sınaq müəyyən edilə bilməz.
•Xitam şərtləri
Müqavilədə əlavə xitam halları nəzərdə tutulubsa, onların qanunvericiliyə uyğunluğu, tətbiq qaydası və ödənişlərə təsiri yoxlanılmalıdır. İşdənçıxarma müavinəti və digər təminatlar xitamın hüquqi əsasından asılı olaraq fərqlənə bilər.
•Məxfilik məhdudiyyətləri
Məxfi məlumatların dairəsi, öhdəliyin müddəti və pozuntuya görə nəzərdə tutulan məsuliyyət dəqiqləşdirilməlidir. İşdən ayrıldıqdan sonra analoji vəzifə funksiyaları işlər üzrə başqa işəgötürəndə işləməyi məhdudlaşdıran şərtin müqaviləyə daxil edilməsi onun avtomatik olaraq qanuni və icrası məcburi olması demək deyil, belə şərt ayrıca hüquqi baxımdan qiymətləndirilməlidir.
•İş vaxtı və istirahət
İş rejimi, istirahət günləri və məzuniyyət müddəti yoxlanılmalıdır. Şifahi razılaşdırılmış şərtlərin müqavilədə düzgün əks olunduğuna əmin olunmalıdır.
E. Qarayev izah edib ki, Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsinə əsasən, müqavilə ilə işçinin qanunla müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsi azaldıla bilməz. İşçinin imzası qanuna zidd şərti qanuniləşdirmir.
"İmzalamazdan əvvəl müqaviləni və istinad etdiyi sənədləri oxumaq üçün vaxt istəmək mümkündür. Aydın olmayan şərtlərə dair yazılı izahat almaq, razılaşdırılmış dəyişikliklərin mətnə daxil edilməsini tələb etmək və elektron imzalanmış nüsxəni saxlamaq tövsiyə olunur. Hüquqi nəticəsi aydın olmayan bəndləri imzalamazdan əvvəl hüquqşünasla müzakirə edə bilərsiniz", - deyə o fikrini yekunlaşdırıb.
Aysel Mətləb