Trampın taleyini həll edəcək gün gəldi - ABŞ sandıq başında

Trampın taleyini həll edəcək gün gəldi - ABŞ sandıq başında
03.11.2026 17:38 Təhlil

ABŞ-da bu gün aralıq seçkilər keçirilir.

Aylardır media axını və proqnozlar eyni xətti çəkir: Demokratlar həm Nümayəndələr Palatasını, həm də Senatı asanlıqla əldə edəcəklər. Anketlər Demokratlara 8-9 faizlik üstünlük verir, modellər isə Nümayəndələr Palatasında demək olar ki, əmin qələbə (90-96 faiz ehtimal), Senatda isə 60-80 faiz ehtimalla nəzarəti ələ keçirmək imkanını göstərir. Bu cür vahid və uzunmüddətli mesajın özü artıq seçki dinamikasına təsir edən amilə çevrilib.

Dörd-beş aydır ki, demək olar, hər gün eyni hekayə təkrarlanır. Demokratların üstünlüyü, asan qələbə, “mavi dalğa” gözləntisi…Belə bir atmosferdə seçici davranışı klassik arxayınlıq effekti yarada bilər. Demokrat tərəfdarların bir qismi nəticənin artıq həll olunduğunu düşünüb sandığa getməyə daha az həvəs göstərə bilər. Əksinə, Respublikaçı seçicilər üçün bu mesaj motivasiyaedici rol oynayır: “Hamı məğlubiyyətimizi elan edir, deməli, daha çox səfərbər olmalıyıq”. Keçmiş seçkilərdə də oxşar vəziyyətlər olub – media və anketlər bir tərəfi həddən artıq qalib elan edəndə digər tərəfin səfərbərliyi gözlənilməz dərəcədə artmışdı.

Nümayəndələr Palatasında Demokratların üstünlüyü daha real görünür. Mövcud xəritə və milli əhval-ruhiyyə buna işarə edir. Lakin Senat tamam başqa məsələdir. Orada bir neçə ştatda fərq çox kiçikdir. Ayova, Kanzas, Ohayo, Texas, Alyaska və Men kimi yerlərdə anketlər bir-birinə çox yaxın rəqəmlər göstərir və bir çoxu margin of error daxilindədir. Bu cür dar yarışlarda bir neçə faizlik səhv, yaxud sadəcə seçki günü səfərbərlik fərqi nəticəni tam dəyişə bilər. Əgər Respublikaçılar bu ştatlarda gözləniləndən daha yüksək iştirak faizi təmin etsələr, Senatda status-kvo saxlanıla, yaxud çox kiçik fərqlə nəticə əldə oluna bilər.

Seçki gününə qədər 57 milyondan çox erkən səs verilib – bu, aralıq seçkilər tarixində rekorddur.

Partiya qeydiyyatı olan ştatlarda Demokratlar erkən səslərdə üstünlük təşkil etsə də, Texas və Florida kimi bəzi ştatlarda Respublikaçıların iştirakı daha güclü görünür. Bu rəqəmlər yüksək maraq olduğunu göstərsə də, real nəticə seçki günü səfərbərliyindən asılı olacaq.

“Media maşını”nın bu qədər eyni səslə danışması özü-özlüyündə riskdir.

Anketlər keçmişdə də bəzən sistematik səhvlərə yol verib, xüsusən də müəyyən seçici qruplarının real səfərbərliyini düzgün ölçməyəndə. Bu dəfə də eyni ssenari mümkün görünür: rəqəmlər Demokratları qabağa yazır, amma real sandıqda Respublikaçıların daha yüksək motivasiyası fərqi bağlaya bilər. Nəticə Demokratların gözlənilən “böyük qələbəsi” gözlənilərkən, daha çox başabaş mübarizə, hətta bəzi yerlərdə sürpriz ola bilər.

Gözləyək. Seçki gecəsi ilk nəticələr gəlməyə başlayanda mənzərə aydınlaşacaq. Qeyd etdiyimiz kimi, əgər Nümayəndələr Palatasında Demokratlar gözlənilən qədər rahat qalib gəlsələr, amma Senatda bir-iki ştatda gözlənilməz dönüşlər baş versə, bu, məhz son ayların media və proqnoz mühəndisliyinin əks effektinin əlaməti olacaq.

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər