Paşinyan Azərbaycanla bağlı hədəfini açıqladı: Növbədə nə var?
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülhün Cənubi Qafqaz üçün yeni imkanlar yaratdığını bildirib.
TodayPress TV xəbər verir ki, Paşinyanın sözlərinə görə, Bakı və İrəvan arasında münaqişənin sülh yolu ilə həllinə dair Vaşinqton razılaşmaları artıq real mərhələyə keçib. O, növbəti mərhələdə bu razılaşmaların institusional əsaslarla möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Regional əməkdaşlıqdan danışan Paşinyan Cənubi Qafqaza vahid region kimi yanaşdığını bildirib. Onun fikrincə, ölkələr arasında müəyyən fərqlərə baxmayaraq, ortaq maraqlar birgə inkişaf strategiyasının formalaşdırılmasına imkan verir.
Baş nazir qeyd edib ki, Ermənistanın Gürcüstanla əməkdaşlığı yüksək səviyyədədir, Azərbaycanla isə ikitərəfli ticarət əlaqələri artıq qurulub. O, həmçinin TRIPP layihəsinin həyata keçirilməsinin regionda infrastruktur və nəqliyyat əlaqələrini genişləndirəcəyini bildirib.
Paşinyanın sözlərinə görə, Bakı ilə İrəvan arasında sülhün təmin olunması, TRIPP layihəsinin reallaşdırılması, eləcə də Azərbaycan, Ermənistan və Gürcüstan arasında, xüsusilə logistika sahəsində əməkdaşlıq qlobal təchizat zəncirlərindəki böhranın aradan qaldırılmasına töhfə verə bilər.
O əlavə edib ki, bütün bu proseslər Cənubi Qafqazın beynəlxalq arenada tamamilə yeni mövqe qazanmasına şərait yaradacaq.
Kübra Musayeva