Paşinyan oyunun qaydalarını dəyişir: Rusiya Ermənistanda qalmaq istəyirsə...

Paşinyan oyunun qaydalarını dəyişir: Rusiya Ermənistanda qalmaq istəyirsə...
18.09.2026 17:51 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə ərazisində, xüsusən Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının fəaliyyəti və mövcudluğunun məqsədəuyğunluğu ilə bağlı növbəti dəfə qalmaqallı bəyanatla çıxış edib. 

Paşinyan jurnalistlərə açıqlamasında Moskvanın hərbi varlığına münasibətini belə ifadə edib: 

"Biz bu məsələni qaldırmamışıq, çünki Rusiya bizə dost ölkədir. Əgər onlar istəyirlərsə, öz bazalarını elə sabah çıxara bilərlər. Yox, əgər saxlamaq istəyirlərsə, biz bizə lazım olmayan bir şeyin Ermənistanda qalma şərtlərini müzakirə etməyə hazırıq!"

Paşinyanın ifadəsində mühüm məqam var. O, artıq sadəcə “Rusiya istəsə, çıxa bilər” demir, “qalmaq istəyirsə, qalmasının şərtlərini müzakirə etməyə hazırıq” deyir. 

Bəs Rusiya Ermənistanda qalmaq üçün İrəvana nə təklif edir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov bildirib ki, 102-ci baza məsələsi Ermənistan və Rusiya arasında müzakirə predmeti olsa da, mahiyyət etibarilə bunun Ermənistana aidiyyəti o qədər də böyük deyil:


“Məsələ ondadır ki, 102-ci hərbi baza Sovet İttifaqı dövründə SSRİ-nin cənub qanadında NATO-ya qarşı yerləşdirilmişdi. SSRİ-nin diqqətini Avropadan yayındırmaq məqsədilə NATO Türkiyənin alyansa qəbulunu təşkil etmiş, bunun ardınca SSRİ cənub qanadında iki diviziya saxlamışdı. Burada əsas məqsəd mümkün hücum zamanı Türkiyənin işğal edilməsi bahasına SSRİ-nin diqqətini cənub istiqamətinə yönəltmək idi.

ABŞ də bu səbəbdən Türkiyəyə müasir silahlar vermirdi. Bunlar Türkiyəli generallar tərəfindən səsləndirilən faktlardır. Bu siyasət müəyyən mənada bu gün də davam edir. Məhz buna görə Türkiyə son dövrlərdə öz hərbi sənayesinin inkişafı istiqamətində ciddi addımlar atıb.

Bunları deməkdə məqsədim odur ki, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazası NATO amilinə hesablanıb, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün deyil”.

Ekspertin sözlərinə görə, bunu Paşinyan da başa düşür. Ona görə də Rusiyaya bildirir ki, əgər ərazimizdə qalmaq istəyirsinizsə, bunun müqabilində Ermənistana vəsait ödəməlisiniz:

Putinin “lazım olsa, bir neçə günə Ermənistandan çıxarıq” deməsi də, məncə, blefdən başqa bir şey deyil. Paşinyanın “müzakirə etməyə hazırıq” deməsi isə Rusiyaya yeni müqavilənin bağlanmasının zəruri olduğunu başa salır. Hesab edirəm ki, Rusiya da buna gedəcək”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər