Arıqladıqdan sonra hansı qidalar immuniteti gücləndirir? - ARAŞDIRMA
Arıqladıqdan sonra hansı qidaların immun sisteminə daha çox təsir etdiyi məlum olub.
TodayPress TV xəbər verir ki, ABŞ-də "NYU Langone Health" və digər elmi mərkəzlərin alimləri arıqladıqdan sonra tərkibində çoxlu miqdarda rafinə edilmiş nişasta olan qidaların immun sistemi hüceyrələrini əlavə şəkər olan qidalardan daha güclü aktivləşdirdiyini müəyyən ediblər.
Araşdırmada artıq çəkisi və ya piylənməsi olan, ürək-damar xəstəlikləri və diabetdən əziyyət çəkməyən 54 nəfər iştirak edib. İştirakçılar təcrübədən əvvəl çox aşağı karbohidratlı pəhriz saxlayaraq bədən çəkilərinin təxminən 15 faizini itiriblər.
Arıqladıqdan sonra könüllülər üç qrupa bölünüb. Bir qrup çox aşağı karbohidratlı pəhrizi davam etdirib. Digər iki qrupa isə yüksək karbohidratlı qidalanma verilib. Onlardan birində əsas karbohidrat mənbəyi rafinə edilmiş taxıl məhsullarından alınan nişasta, digərində isə əlavə şəkər olub. Pəhrizlərin kalorililiyi eyni olub və təcrübə 10 həftə davam edib.
Ən nəzərəçarpan dəyişikliklər rafinə edilmiş nişasta qəbul edən iştirakçılarda müşahidə olunub. Onlarda təbii öldürücü hüceyrələr, monositlər, T-limfositlər və neytrofillər də daxil olmaqla bir neçə növ immun sistemi hüceyrəsinin aktivliyi artıb.
Genlərin aktivliyinin təhlili də anadangəlmə və qazanılmış immunitet, həmçinin bakteriya və göbələklərdən qorunma ilə bağlı proseslərin gücləndiyini göstərib.
Bunun əksinə olaraq, tərkibində çoxlu miqdarda əlavə şəkər olan pəhriz fərqli nəticələr verib. 10 həftədən sonra bu qrupda immun və maddələr mübadiləsi proseslərinin aktivliyi ümumilikdə ilkin göstəricilərlə müqayisədə azalıb.
Alimlər mümkün mexanizmlərdən birinin orqanizmin immun müdafiəsinin bir hissəsi olan komplement sisteminin fəaliyyəti ilə bağlı olduğunu düşünürlər. Rafinə edilmiş nişasta qəbul edən qrupda komplement sisteminin aktivləşməsində iştirak edən adipzin və ya D faktorunun səviyyəsi yüksəlib.
Tədqiqat müəllifləri hesab edirlər ki, yeməkdən sonra qanda qlükozanın sürətlə yüksəlməsi komplement sisteminin aktivliyinin artması və bunun ardınca immun hüceyrələrinin aktivləşməsi ilə əlaqəli ola bilər.
Alimlər nəticələrin bütün insanlara şamil edilə bilməyəcəyini də vurğulayıblar. Onların sözlərinə görə, təcrübənin şərtləri spesifik olub və iştirakçılar piylənmədən əziyyət çəkib, həmçinin xüsusi pəhriz saxlayıblar. Müəlliflər əldə olunan nəticələrin karbohidratların tərkibinin immun prosesləri baxımından əhəmiyyətini göstərdiyini bildiriblər.
Aysel Mətləb