Sanksiyalı Rusiya təyyarəsi ilə İsrailə gələn şəxs kimdir?
Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi, admiral İqor Kostyukovun rəhbərlik etdiyi yüksək vəzifəli nümayəndə heyəti sanksiya altında olan Rusiya hərbi təyyarəsi ilə İsrailə səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Bildirilib ki, Rusiyaya məxsus “Tu-154M” hərbi təyyarəsi noyabrın 9-da axşam saatlarında Moskva vilayətindəki Çkalovsk hərbi aerodromundan havaya qalxaraq İsrailin Ben-Qurion hava limanına enib.
Məlumata görə, sözügedən təyyarə “Vaqner” özəl hərbi şirkətinin fəaliyyəti ilə ehtimal olunan əlaqələrinə görə 2023-cü ildən ABŞ-nin sanksiyaları altındadır.
Kostyukovun İsrailə səfərinin məqsədi barədə hələlik rəsmi açıqlama verilməyib. Nəşr səfərin İran ətrafında gərginliyin artdığı və regionda mümkün eskalasiya müzakirələrinin aparıldığı vaxta təsadüf etdiyinə diqqət çəkib.
Qeyd olunur ki, İsraildə qısamüddətli dayanmadan sonra Rusiya təyyarəsi Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçirildiyi Əbu-Dabiyə yola düşüb. Kostyukovun Rusiyanın danışıqlar heyətinə daxil olduğu bildirilir.