Türkiyə səmasında rəqəmsal magistral yol inşa edəcək: Nazirlik hərəkətə keçdi

Türkiyə səmasında rəqəmsal magistral yol inşa edəcək: Nazirlik hərəkətə keçdi
10.11.2026 15:44 Dünya

Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) istifadəsində yeni mərhələyə hazırlaşır. Ölkədə dronların uzun məsafəli, avtonom və operatorun birbaşa görmə məsafəsindən kənarda uçuşlarını təmin etmək üçün xüsusi rəqəmsal hava dəhlizləri yaradılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə COP31-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazirin sözlərinə görə, yeni sistem çərçivəsində dronlar əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə təhlükəsiz və nəzarət altında hərəkət edə biləcəklər. Bununla avtomobil yollarından asılı olmayan yeni nəqliyyat imkanlarının yaradılması nəzərdə tutulur.

Dronlar üçün rəqəmsal hava dəhlizləri yaradılacaq

Layihə Mülki Aviasiya Baş İdarəsinin 30 iyul 2026-cı ildə dərc etdiyi “Pilotsuz uçuş aparatı sistemləri haqqında” təlimat əsasında həyata keçiriləcək. Hava dəhlizləri aidiyyəti qurumlarla razılaşdırılaraq müəyyənləşdiriləcək.

Dəhlizlərin sərhədləri, giriş-çıxış nöqtələri, uçuş istiqamətləri, tutumu və hava vasitələri arasında saxlanılmalı minimum məsafələr rəqəmsal şəkildə müəyyən ediləcək.

Bütün uçuşlar mərkəzi sistemdən izləniləcək

Dron dəhlizləri ilə bağlı məlumatlar Mülki Aviasiya Baş İdarəsinin Pilotsuz Uçuş Aparatlarının İzlənməsi və Hava Hərəkətinin İdarə Edilməsi Sistemi (İHATTYS) vasitəsilə yayımlanacaq. Dronların proqram təminatı marşrut və uçuş qaydalarını birbaşa bu sistemdən əldə edə biləcək.

Dəhlizlər qadağan olunmuş, məhdudlaşdırılmış və təhlükəli hava məkanları, eləcə də NOTAM bildirişləri yayımlanan ərazilər nəzərə alınmaqla planlaşdırılacaq.

Süni intellektlə avtonom uçuşlar

Yeni sistemdə uçuş marşrutlarının müəyyənləşdirilməsində süni intellektdən də istifadə olunacaq. Zərurət yarandıqda sistem vasitəsilə uçuş ərazisi məhdudlaşdırıla, marşrut dəyişdirilə və ya dronun enişi təmin edilə biləcək.

Rabitə əlaqəsi kəsildikdə isə pilotsuz uçuş aparatları yaşayış məntəqələrinin üzərindən keçmədən əvvəlcədən müəyyən edilmiş təhlükəsiz eniş nöqtələrinə yönləndiriləcək.

Yük və tibbi daşımada yeni imkanlar

Rəqəmsal hava dəhlizlərinin əsasən logistika və səhiyyə sahələrində istifadəsi nəzərdə tutulur. Şəhərlərarası yük daşımaları, logistika mərkəzləri arasında avtonom uçuşlar, xəstəxanalar arasında qan, dərman, vaksin və tibbi nümunələrin daşınması prioritet istiqamətlər olacaq.

Bundan başqa, adalara və qış aylarında gediş-gəlişin çətinləşdiyi yaşayış məntəqələrinə təchizatın çatdırılması, sənaye zonaları ilə limanlar arasında ehtiyat hissələrinin daşınması və enerji xətlərinin yoxlanılması da mümkün olacaq.

Həvəskar uçuşlara icazə verilməyəcək

Yeni dəhlizlərdən istifadə etmək istəyən şirkətlər və pilotlar üçün xüsusi icazə tələbləri tətbiq olunacaq.

Abdulkadir Uraloğlu bildirib ki, bu marşrutlarda həvəskar məqsədli uçuşlara icazə verilməyəcək. Yalnız P2 lisenziyasına malik pilotlar Mülki Aviasiya Baş İdarəsindən müvafiq əməliyyat icazələri aldıqdan sonra səlahiyyətli şirkətlərin tərkibində uçuş həyata keçirə biləcəklər.

Nazir əlavə edib ki, istifadə olunacaq dronlar qeydiyyatdan keçməli, məsafədən identifikasiya və coğrafi məhdudlaşdırma sistemlərinə, eləcə də tələb olunan proqram təminatı sertifikatlarına malik olmalıdır. Hər uçuşdan əvvəl İHATTYS vasitəsilə müvafiq bildiriş göndərilməsi də məcburi olacaq.

Dronlar üçün nəzərdə tutulan hava dəhlizlərinin marşrutları ehtiyaclara uyğun olaraq aidiyyəti qurumlarla razılaşdırılacaq və İHATTYS sistemi vasitəsilə ictimaiyyətə açıqlanacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər