Qəhvəni bu saatdan sonra içməyin - Alimlərdən beyin sağlamlığı ilə bağlı XƏBƏRDARLIQ

Qəhvəni bu saatdan sonra içməyin - Alimlərdən beyin sağlamlığı ilə bağlı XƏBƏRDARLIQ
09.11.2026 02:35 Sağlamlıq

Hər gün içilən qəhvə yaşlılıq dövründə beyin sağlamlığının qorunmasına kömək edə və Alzheimer xəstəliyi riskini azalda bilər. Mütəxəssislər bu içkidən maksimum fayda əldə etmək üçün onun miqdarına və qəbul edildiyi vaxta diqqət yetirməyi tövsiyə edirlər.

TodayPress TV xəbər verir ki, “Health” nəşrinin məlumatına görə, alimlərin apardığı genişmiqyaslı araşdırmalar orta miqdarda kofeinli qəhvə istehlakının idrak sağlamlığına müsbət təsir göstərə biləcəyini ortaya qoyub.

ABŞ-də 65 yaşdan yuxarı hər doqquz nəfərdən birində Alzheimer xəstəliyinə rast gəlinir. Bu isə təxminən 7,4 milyon insan deməkdir. Xəstəlikdən tam qorunmaq mümkün olmasa da, gündəlik vərdişlər onun yaranma riskinə təsir göstərə bilər.

Dietoloq və Foodess platformasının təsisçisi Cennifer Palyan bildirib ki, qəhvənin beyin sağlamlığına təsiri geniş şəkildə araşdırılıb. Onun sözlərinə görə, bəzi böyük müşahidə tədqiqatları bu içkinin orta miqdarda qəbulunun idrak funksiyaları üçün faydalı ola biləcəyini göstərir.

Bu il “JAMA” jurnalında dərc olunan geniş araşdırmada 131 mindən çox insan 43 il ərzində müşahidə edilib. Nəticələrə əsasən, gündə iki-üç fincan qəhvə içən şəxslər düşünmə qabiliyyətini qiymətləndirən testlərdə daha yaxşı nəticələr göstərib və onlarda demensiya daha az qeydə alınıb.

Londonlu neyro-radioloq Emer Maksvininin sözlərinə görə, ən çox kofeinli qəhvə qəbul edən iştirakçılarda demensiya riski ən az içənlərlə müqayisədə 18 faiz aşağı olub.

Mütəxəssislər bu təsiri qəhvənin tərkibindəki kofein, xlorogen turşusu və digər polifenollarla əlaqələndirirlər. Bu maddələr antioksidant xüsusiyyətlərə malikdir, iltihabı və oksidləşdirici stressi azaltmağa, həmçinin damarların fəaliyyətini qorumağa kömək edə bilər.

Əvvəlki tədqiqatlarda kofeinin Alzheimer xəstəliyi ilə əlaqələndirilən beta-amiloid və p-tau zülallarının toplanmasını ləngidə biləcəyi də qeyd olunub.

Qəhvəni nə vaxt və nə qədər içmək lazımdır?

Mütəxəssislər beyin sağlamlığı baxımından gündə iki-üç fincan qəhvə qəbulunu tövsiyə edirlər. Araşdırmalara görə, bu miqdar daha yaxşı nəticələrlə əlaqələndirilir. Daha çox qəhvə içmək isə əlavə fayda verməyə, hətta müsbət təsiri zəiflətməyə bilər.

Kofeinli qəhvənin günortadan əvvəl və ya yatmazdan təxminən səkkiz saat öncə içilməsi məsləhət görülür. Çünki keyfiyyətli yuxu Alzheimer xəstəliyinin qarşısının alınmasında mühüm amillərdən biridir.

Nevroloq və yuxu təbabəti üzrə mütəxəssis Hanul Bhandari bildirib ki, qəhvənin yanlış vaxtda qəbulu kofeinin stimullaşdırıcı təsirini artıraraq yuxunu poza və orqanizmin bərpasına mane ola bilər.

Bundan əlavə, mütəxəssislər qəhvəyə həddindən artıq şəkər, ətirli siroplar və şirin qaymaq əlavə etməməyi tövsiyə edirlər. Onların sözlərinə görə, bu əlavələrin çoxluğu iltihabi prosesləri gücləndirərək qəhvənin mümkün faydalarını azalda bilər.

Qeyd edək ki, araşdırmalar qəhvə içməyin Alzheimer xəstəliyinin qarşısını birbaşa aldığını sübut etmir. Nəticələr yalnız qəhvə istehlakı ilə beyin sağlamlığı arasındakı mümkün əlaqəni göstərir.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər