Ay uğrunda savaş başlayır? Ölkələr arasında yeni mübahisənin səbəbi

Ay uğrunda savaş başlayır? Ölkələr arasında yeni mübahisənin səbəbi
19.09.2026 02:52 Maraqlı

Ayın kimə məxsus olması məsələsi artıq yalnız elmi fantastika mövzusu deyil. Ayda daimi bazaların yaradılması və təbii ehtiyatların hasil edilməsi planları bu məsələnin hüquqi tərəfini yenidən gündəmə gətirib.

TodayPress TV xəbər verir ki, “BBC Sky at Night Magazine” Ayın hüquqi statusu ilə bağlı beynəlxalq razılaşmaları və mövcud mübahisələri araşdırıb.

Hazırkı kosmik hüquqa əsasən, Ay heç bir dövlətə məxsus deyil. Bunun əsasını 1967-ci ildə ABŞ və SSRİ də daxil olmaqla bir sıra ölkələrin imzaladığı “Kosmos haqqında müqavilə” təşkil edir.

Müqaviləyə əsasən, heç bir dövlət Ay və digər səma cisimləri üzərində suverenlik elan etməklə, onları işğal etməklə və ya digər üsullarla mülkiyyət hüququ əldə edə bilməz.

Uzun illər ərzində bu qayda ciddi problem yaratmayıb. Ay səthinə yerləşdirilən dövlət bayraqları da ərazi iddiası deyil, kosmik missiyaların simvolu kimi qəbul olunub.

Lakin əsas hüquqi boşluq Ayın təbii ehtiyatlarının hasilatı ilə bağlıdır. 1967-ci ildə Ayda sənaye miqyaslı mədən işlərinin aparılması real görünmədiyi üçün müqavilədə bu məsələ ətraflı tənzimlənməyib.

Hazırda isə xüsusilə Ayın cənub qütbündə yerləşən su buzlağı böyük maraq doğurur. Bu ehtiyatların gələcəkdə yanacağa çevrilə biləcəyi ehtimal olunur.

Bu hüquqi boşluğu aradan qaldırmaq məqsədilə 1979-cu ildə “Ay haqqında Saziş” qəbul edilib. Sənəddə Ay və onun təbii ehtiyatları “bəşəriyyətin ümumi irsi” elan olunub və onların gələcək istifadəsini tənzimləyəcək beynəlxalq rejimin yaradılması nəzərdə tutulub.

Lakin saziş kosmik dövlətlər arasında geniş dəstək qazanmayıb. Sənədi cəmi 17 dövlət ratifikasiya edib. ABŞ, Böyük Britaniya, Rusiya və Çin kimi əsas kosmik güclər isə sazişə qoşulmayıb.

Bunun fonunda bəzi ölkələr kosmosdan əldə edilən resurslarla bağlı öz qanunvericiliyini formalaşdırmağa başlayıb. ABŞ 2015-ci ildə qəbul etdiyi qanunla kosmosdan çıxarılan resurslara sahib olmaq və onları satmaq hüququnu tanıyıb. Daha sonra Lüksemburq, Birləşmiş Ərəb Əmirlikləri və Yaponiya da oxşar qanunlar qəbul edib.

Bu yanaşmanın tərəfdarları Ayın ərazisinə sahib olmaqla onun səthindən çıxarılan resurslara sahib olmaq arasında fərq qoyulmalı olduğunu bildirirlər.

Məsələ 2020-ci ildə ABŞ və tərəfdaşlarının təşəbbüsü ilə “Artemida Sazişləri”nin ortaya çıxmasından sonra daha da aktuallaşıb. Bu sənəd beynəlxalq müqavilə deyil, Ay, Mars və digər səma cisimlərinin dinc şəkildə araşdırılması və istifadəsi üçün hazırlanmış prinsiplər toplusudur.

2026-cı ilə olan məlumata görə, “Artemida Sazişləri”nə 68 dövlət qoşulub. Sənəddə şəffaflıq, elmi məlumatların mübadiləsi, fövqəladə vəziyyətlərdə yardım və Ay səthində fəaliyyətlərin əlaqələndirilməsi kimi prinsiplər yer alır.

Sazişlərdə digər iştirakçıların fəaliyyətinə zərərli müdaxilənin qarşısını almaq məqsədilə “təhlükəsizlik zonaları” anlayışı da nəzərdə tutulur. Lakin tənqidçilər bu zonaların gələcəkdə ərazi iddialarına bənzər vəziyyət yarada və Ayın daha dəyərli əraziləri uğrunda rəqabəti gücləndirə biləcəyindən narahatdırlar.

Beləliklə, uzun illər nəzəri məsələ kimi qəbul edilən “Ay kimindir?” sualı gələcək kosmik missiyalar fonunda real hüquqi problemə çevrilir. Ayda resursların hasilatına başlanması ilə dövlətlər, şirkətlər və alimlər bu məsələyə daha konkret cavab verməli olacaqlar.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər