Gənc planet təsdiqləndi – Günəş sisteminin yaranma sirrini açacaq...
Astronomlar yaşı 1 milyon ildən az olan planetin mövcudluğunu təsdiqləyiblər. Bu, indiyədək kainatda məlum olan ən gənc planetdir.
TodayPress TV xəbər verir ki, Çilidəki Dieqo Portales Universitetinin tədqiqatçıları qaz nəhəngi Elias 2-24 b planetinin hələ də onu əmələ gətirən toz və qaz diskində hərəkət etdiyini müəyyənləşdiriblər. Araşdırmanın nəticələri “The Astrophysical Journal Letters” jurnalında dərc olunub.
Yerdən 450 işıq ili məsafədə yerləşən planetin kütləsi Yupiterin kütləsi ilə müqayisə edilə bilər. Astronomlar planetin ana ulduzunun parlaq işığını bloklayan koronqrafdan istifadə edərək onun ətrafındakı toz diskindəki boşluğa diqqət yetiriblər.
Tədqiqatın rəhbəri Andrea Bernardinin sözlərinə görə, planetlərin məhz belə boşluqların daxilində yerləşməsi gözlənilir. Çünki planetlər böyüdükcə özləri həmin boşluqları yaradırlar.
Bu bölgə ilə bağlı sirr təxminən 10 ildir davam edir. Daha əvvəl Çilidəki ALMA teleskopu Elias 2-24 ulduzunun ətrafındakı diskdə qeyri-adi boşluq aşkar edib. Daha sonra Avropa Cənub Rəsədxanası həmin boşluqda zəif işıq nöqtəsi qeydə alıb.
Lakin alimlər bunun planet olduğunu əminliklə təsdiqləyə bilmirdilər. Mövcud planetəmələgəlmə modellərinə əsasən, Yupiterə bənzər planetlərin formalaşması üçün 5 milyon ildən çox vaxt tələb olunur. Aşkar edilən obyekt isə artıq formalaşmış planet kimi davranır və ulduzundan Yerin Günəşdən olan məsafəsindən 55 dəfə uzaqda yerləşir.
Məsələyə aydınlıq gətirmək üçün Bernardinin rəhbərlik etdiyi qrup kosmik agentliyin 2018 və 2020-ci illərə aid arxiv məlumatlarını araşdırıb. Alimlər müxtəlif vaxtlarda çəkilmiş görüntüləri müqayisə edərək obyektin hərəkətini izləyiblər. Nəticədə onun optik parıltı və ya arxa planda yerləşən ulduz olmadığı sübuta yetirilib.
İndi astronomlar ümidlərini NASA-nın yeni Nancy Grace Roman Kosmik Teleskopuna bağlayıblar. Avqustun sonunda işə salınan teleskop güclü koronqrafı sayəsində ən zəif və çətin müşahidə olunan yeni yaranmış planetləri belə aşkar edə biləcək.
Alimlər hesab edirlər ki, bu cür müşahidələr milyardlarla il əvvəl Günəş sistemimizin necə formalaşdığını anlamağa imkan verə bilər.
Qiymət Mahir