1700 illik sirr təsadüfən açıldı: Qədim kitabxanada “Odisseya”nın itmiş parçası tapıldı
Niderlandda aparılan araşdırma zamanı Homerin məşhur “Odisseya” əsərinin təxminən 1700 il yaşı olan fraqmenti təsadüfən aşkar edilib.
TodayPress TV xəbər verir ki, qraqmenti qədim yunan ədəbiyyatı üzrə mütəxəssis, Radboud Universitetinin professoru Mark de Kreij 2024-cü ildə Utrext Universiteti Kitabxanasının kolleksiyasını araşdırarkən tapıb.
Cəmi 6,6 × 7,7 santimetr ölçüsündə olan kiçik perqament parçasının üzərində “Odisseya”nın 12-ci kitabından sətirlər olduğu müəyyənləşdirilib.
Mətn Odisseyin yoldaşlarının günəş tanrısı Heliosun müqəddəs öküzlərini öldürməsi və yeməsi hadisəsindən bəhs edir. Hadisələrin sonunda Zevs Odisseyin gəmisini ildırımla məhv edir və onun bütün yoldaşları həlak olur.
Tədqiqatçıların fikrincə, fraqment eramızın III–IV əsrlərində Misirin Fayum bölgəsində hazırlanmış perqament kodeksinə aid ola bilər. Onun kiçik ölçülü olması əlyazmanın bu günə qədər qorunub qalmasına səbəb olmuş ola bilər. Ehtimala görə, parça qədim dövrdə “Odisseya”nın bir növ cib nəşrinin ortasında yerləşib və digər səhifələr tərəfindən qorunub.
Hazırda “Odisseya”nın buna bənzər təxminən 30 qədim fraqmenti məlumdur.
Maraqlıdır ki, bu, Homerin əsərləri ilə bağlı son dövrdəki yeganə belə kəşf deyil. Bu il Misirdə arxeoloqlar Roma dövrünə aid mumiyanın içərisində “İliada”dan fraqmentlər də aşkar ediblər.
Mark de Kreij tapıntının aid olduğu kolleksiyanı daha geniş araşdırmağı və nəticələri ayrıca kitabda təqdim etməyi planlaşdırır.
Türkan İsgəndərli