Məkkə Sazişinin vaxtı çatdı! Husilərin hücumları regionda yeni cəbhə açır?
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif husilərin Səudiyyə Ərəbistanına hücumlarının artması fonunda Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı Məkkə Sazişinin tətbiqinin vaxtının çatdığını bildirib.
O əlavə edib ki, Pakistan Səudiyyə Ərəbistanının və müqəddəs məkanların müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirəcək.
Maraqlıdır, husilərin hücumlarının artması fonunda Məkkə Sazişi gündəmə gələ bilər?
Sözügedən mövzu ilə bağlı politoloq Yusif Bağırzadə TodayPress TV-yə danışarkən bildirib ki, husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarının intensivləşməsi Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında avqustun 7-də imzalanmış Məkkə Birgə Müdafiə Sazişini faktiki olaraq ilk ciddi sınaq qarşısında qoyub.

O vurğulayıb ki, sazişin əsas müddəasına görə, üç ölkədən birinə qarşı silahlı hücum digərlərinə qarşı hücum kimi qiymətləndirilir. Pakistanın müdafiə nazirinin Məkkə Sazişinin tətbiqinin vaxtının çatdığı barədə açıqlaması artıq bu mexanizmin praktiki tətbiqi məsələsinin gündəmə gəldiyini göstərir.
“Məsələnin aktuallığını artıran əsas amil Səudiyyə Ərəbistanının üzləşdiyi təhlükənin miqyasıdır. Son günlərdə husilərin Səudiyyə ərazisinə, enerji infrastrukturu və hərbi obyektlərə qarşı raket və dron hücumları intensivləşib. Səudiyyə hakimiyyəti bəzi hücumların qarşısının alındığını açıqlayıb, eyni zamanda ölkənin raketdən müdafiə imkanlarına artan təzyiqin olduğu bildirilir”, - deyə ekspert xatırladıb.
Siyasi şərhçi diqqətə çatdırıb ki, sazişin mövcudluğu hələ avtomatik olaraq Pakistan və Türkiyənin husilərə qarşı hərbi əməliyyata qoşulacağı anlamına gəlməməlidir. Sazişin konkret olaraq hansı mərhələdə, hansı prosedur əsasında və hansı hərbi mexanizmlərlə işə salınacağına dair bir sıra detallar hələ tam açıqlanmayıb. Üç ölkə avqustun sonunda saziş çərçivəsində əməkdaşlığı institusional olaraq inkişaf etdirmək, o cümlədən katibliyin yaradılması və koordinasiya mexanizmlərinin formalaşdırılması barədə razılığa gəlib. Bu isə sazişin hələ tam formalaşmış hərbi komandanlıq mexanizmi deyil, inkişaf etdirilən kollektiv təhlükəsizlik platforması olduğunu göstərir.

Analitik vurğulayıb ki, xüsusilə Pakistan üçün vəziyyət həssasdır:
“İslamabad bir tərəfdən Səudiyyə Ərəbistanı ilə strateji və müdafiə əlaqələrini qorumağa, digər tərəfdən isə İranla diplomatik kanalları açıq saxlamağa çalışır. Pakistan rəsmiləri husilərin hücumlarını pisləməklə yanaşı, Tehranı öz təsir imkanlarından istifadə edərək hücumların dayandırılmasına kömək etməyə çağırıblar. Pakistan Xarici İşlər Nazirliyi də sazişə sadiqliyi təsdiqləsə də, konkret hərbi addımların xarakterinin açıqlanmasının məxfilik məsələsi olduğunu bildirib”.
Y. Bağırzadənin fikrincə, Türkiyə üçün də oxşar strateji dilemma mövcuddur. Ankara Səudiyyə Ərəbistanının təhlükəsizliyinin təmin edilməsində maraqlı olsa da, husilərlə birbaşa müharibəyə qoşulmaq regional qarşıdurmanın daha geniş miqyas almasına səbəb ola bilər. Məhz buna görə, sazişin ilk mərhələdə kəşfiyyat, hava hücumundan müdafiə, logistika, hərbi koordinasiya və diplomatik dəstək kimi vasitələrlə tətbiqi ehtimalı da nəzərdən keçirilə bilər. Bununla belə, konkret hərbi ssenari barədə indidən qəti nəticə çıxarmaq hələ tezdir.
Politoloq sonda qeyd edib ki, ümumilikdə husilərin hücumları Məkkə Sazişini kağız üzərindəki siyasi öhdəlikdən praktiki təhlükəsizlik mexanizminə çevirmək üçün real sınaq yaradır. Pakistan müdafiə nazirinin son açıqlaması sazişin tətbiqinin siyasi gündəmə ciddi şəkildə daxil olduğunu göstərir:
“Ancaq qarşıdakı mərhələdə əsas sual sazişin hansı səviyyədə və hansı vasitələrlə həyata keçiriləcəyidir. Çünki Pakistan və Türkiyənin birbaşa hərbi müdaxiləsi regional münaqişənin coğrafiyasını genişləndirə, məhdud müdafiə və diplomatik dəstək isə sazişin daha ehtiyatlı formada reallaşdırılmasına imkan verə bilər. Bu baxımdan Məkkə Sazişinin qarşıdakı hadisələr fonunda həm regional çəkindiricilik, həm də kollektiv müdafiə mexanizmi kimi real imkanları ilk dəfə ciddi şəkildə yoxlanılır”.
Aysel Mətləb