Hamı dənizə gedir, amma Xorvatiyanın əsl xəzinəsi buradadır
Xorvatiya təkcə Adriatik dənizi və Dubrovnikdən ibarət deyil. Ölkənin paytaxtı Zaqreb ətrafında turistlər üçün təbiət, tarixi məkanlar, şərabçılıq və fərqli yerli mətbəx nümunələri ilə zəngin marşrutlar var.
TodayPress TV xəbər verir ki, britaniyalı jurnalist Meri Novakoviç “The Guardian” üçün hazırladığı yazıda Zaqreb ətrafındakı səyahət təəssüratlarını bölüşüb.
Onun səyahəti Zaqrebdən təxminən yarım saatlıq məsafədə yerləşən Samobor şəhərindən başlayıb. Jurnalist burada yerli “kremşnita” desertini dadıb. Qatı krem, qat-qat xəmir və şəkər tozundan hazırlanan bu şirniyyat onun gözləntilərini doğruldub.
Novakoviçin sözlərinə görə, Samobor Habsburqlar dövründən qalma memarlığı ilə diqqət çəkir. Kral Tomislav meydanını sarı, ərik və püstə rəngli barokko üslublu binalar əhatə edir. Şəhərdən Qradna çayı keçir, çoxsaylı kafelər və yaşıllıq əraziləri isə buraya xüsusi ab-hava verir.
Səyahətin növbəti dayanacağı Samobordan təxminən 26 kilometr məsafədə yerləşən Jumberak təbiət parkı olub. Ərazidə piyada və velosiped marşrutları, meşələr və şəlalələr yerləşir. Buradakı əsas görməli yerlərdən biri isə təxminən 500 metr yüksəklikdə yerləşən Okiç qalasının xarabalıqlarıdır.
Jurnalistin diqqətini çəkən əsas məqamlardan biri də bölgənin şərabçılıq ənənələri olub. Pleşivitsa kəndi ilə Yastrebarsko şəhəri arasında 30-dan çox şərab zavodu fəaliyyət göstərir. Meşəlik təpələrin dik yamaclarında yerləşən üzüm bağları Novakoviçə İtaliyanın Toskanasını xatırladıb.
Bölgənin mətbəxi də səyahətin əsas hissələrindən olub. Jurnalist pendir və göyərti ilə hazırlanan nazik duzlu xəmir yeməyi “copanjek”i, həmçinin pendir, qoz, kök və ya göyərti ilə hazırlanan ənənəvi “rudarska greblica” piroqunu dadıb.
“Rudarska greblica”nın tarixinin Rude kəndində yaşayan mədənçilərin həyat yoldaşlarının hazırladığı yeməklərlə bağlı olduğu bildirilir. Hazırda bu yemək Avropa İttifaqında qorunan statusa malikdir və onun şərəfinə ayrıca festival keçirilir.
Səyahətin qastronomik hissəsi Pleşivitsadakı “Korak” restoranında davam edib. Mişlen ulduzuna layiq görülən restoran dördüncü və beşinci nəsil nümayəndələrinin idarə etdiyi şərabçılıq ailəsinə məxsusdur.
Jurnalist restoranın mövsümi və yerli məhsullardan istifadəsinə də diqqət çəkib. Onun sözlərinə görə, hansısa məhsul mövsümündə əlçatan deyilsə, həmin məhsuldan hazırlanan yemək menyuya daxil edilmir.
Novakoviç bölgənin xüsusilə payız aylarında qida və şərab həvəskarları üçün maraqlı olduğunu qeyd edib. Onun məlumatına görə, sentyabrın 25-dən 27-dək Yastrebarskoda ənənəvi şərab festivalının keçirilməsi planlaşdırılır. Bu dövrdə Samobor təpələrində trüfellər, göbələklər və mövsümi yeməklər də ön plana çıxır.
Kübra Musayeva