Tanımadığı xanıma böyrəyini verdi: “Ona böyrək məndən daha çox lazımdır”
Böyük Britaniyada böyrək çatışmazlığından əziyyət çəkən qadın sosial şəbəkədə paylaşdığı yardım çağırışını təsadüfən görən tanımadığı kişinin donor olması sayəsində böyrək köçürülməsinə nail olub.
TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Karen Deyvi böyrək çatışmazlığından əziyyət çəkib və qohumları, eləcə də dostları arasında uyğun donor tapa bilməyib. Bundan sonra o, sosial şəbəkədə paylaşım edərək vəziyyəti barədə məlumat verib. Qadın ən böyük qorxusunun dörd övladını anasız qoymaq olduğunu bildirib.
Paylaşımı təsadüfən 60 yaşlı Qeri Sammerfild görüb. O, Karenlə əvvəllər heç vaxt tanış olmayıb. Lakin onun vəziyyətindən xəbər tutduqdan sonra müayinədən keçmək qərarına gəlib və uyğun donor olduğu müəyyənləşib.
“Mən düşündüm ki, bu qadının mənim bir böyrəyimə ehtiyacı mənim iki böyrəyə ehtiyacım olduğundan daha çoxdur”, – Sammerfild deyib.
Həkimlər Kardiffdəki Uels Universitet Xəstəxanasında altı saat davam edən böyrək transplantasiyası əməliyyatı həyata keçiriblər.
Karen üçün bu, həyatını xilas edən ikinci transplantasiya əməliyyatıdır. Təxminən 10 il əvvəl, 31 yaşında keçirdiyi infarktdan sonra ona ürək köçürülüb.
Sonradan transplantasiyadan sonra qəbul etdiyi dərmanlar böyrəklərində problemlərin yaranmasına səbəb olub. Yeni əməliyyatdan sonra qadın özünü “yüz dəfə daha yaxşı” hiss etdiyini bildirib.
Qiymət Mahir