Antiterror əməliyyatlarından 3 il ötür
Bu gün Azərbaycanın Qarabağ bölgəsində 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümüdür.
TodayPress TV xəbər verir ki, 2023-cü il sentyabrın 19-da Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən törədilən silsilə təxribatlardan sonra Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Tədbirlərin başlanmasına səbəb kimi Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda minaların partlaması nəticəsində mülki şəxslərin və Daxili Qoşunların hərbi qulluqçularının həlak olması və yaralanması, həmçinin Azərbaycan Ordusunun mövqelərinin minaatan və müxtəlif çaplı silahlardan atəşə tutulması göstərilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyatın əsas məqsədləri bölgədəki təxribatların qarşısının alınması, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin edilməsi və Azərbaycanın Konstitusiya quruluşunun bərpası olub.
Lokal xarakterli antiterror tədbirləri 23 saat 43 dəqiqə davam edib. Sentyabrın 20-də saat 13:00-da tərəflər arasında əldə olunan razılaşmaya əsasən tədbirlər dayandırılıb.
Razılaşmaya əsasən, Qarabağda yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz silahlı dəstələr silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah edilməli idi.
Bundan sonra Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri ilə Azərbaycan tərəfi arasında Yevlaxda görüş keçirilib. Görüşdə erməni sakinlərin reinteqrasiyası və bölgənin sosial-iqtisadi məsələləri müzakirə olunub.
Sentyabrın 28-də isə separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma qurumun fəaliyyətinin dayandırılması barədə sənəd imzalayıb.
Antiterror tədbirlərinin nəticəsində Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa edib.