Polis sərxoş olmayan sürücülərə pul verir? - Qeyri adi aksiya
Avstraliyanın Manjimap şəhərində polis alkoqol yoxlamasından keçərək sərxoş olmadığı müəyyən edilən sürücülərə 14 dollarlıq kupon təqdim edir.
TodayPress TV xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Sentyabr ayı ərzində 100 belə kupon paylamaq planlaşdırılır. Aksiyanın futbol üzrə final oyunları və məktəb tətilləri ərəfəsində yollarda nəqliyyatın artması ilə əlaqədar keçirildiyi bildirilib.
Polis Tayler Vinterin sözlərinə görə, məqsəd yollarda ölüm hallarının artdığı bir dövrdə sürücülərin təhlükəsiz davranışını təşviq etməkdir.
Kriminoloq Metyu Morqan isə aksiyanın sərxoş halda avtomobil idarə etmə hallarını əhəmiyyətli dərəcədə azaltmaqdan daha çox, polis ilə yerli sakinlər arasındakı münasibətləri yaxşılaşdıra biləcəyini bildirib.
Aksiyanı alkoqol və narkotik problemləri ilə bağlı yardım göstərən “Holyoake” təşkilatı maliyyələşdirir. Proqram başa çatdıqdan sonra onun effektivliyi qiymətləndiriləcək və gələcəkdə davam etdirilib-etdirilməyəcəyinə qərar veriləcək.
Aysel Mətləb