Türkiyənin müxalifət partiyası sədrinin Prezident Əliyevə zənginin sirri

Türkiyənin müxalifət partiyası sədrinin Prezident Əliyevə zənginin sirri
10.11.2026 09:19 Təhlil

“Özgür Özəlin İlham Əliyevlə telefon danışığı Rəcəb Tayyib Ərdoğanın da maraqlarına cavab verir”.

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.


O bildirib ki, Yeni Parti sədri Özgür Özəlin Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək təbriklərini çatdırmasında qeyri-adi heç nə yoxdur:

“Özgür Özəl Türkiyədə ana müxalifətin lideri statusunda olsa da, ölkəsinin Azərbaycanla strateji müttəfiqliyinin davam etdirilməsində Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan qədər maraqlıdır. Bu səbəbdən onun İlham Əliyevlə telefon danışığı Ərdoğanın da maraqlarına cavab verir. Hesab etmirəm ki, bu telefon danışığının münasibətlərdəki son böhranla əlaqəsi var.

Özgür Özəl 2024-cü il noyabrın 8-də də İlham Əliyevə zəng edərək Azərbaycanın ərazi bütövlüyünün bərpası və 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə dövlət başçısını təbrik etmişdi. O, əvvəlki iki telefon danışığında Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsini xatırlatmış, həmin vaxt sədri olduğu Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini İlham Əliyevin diqqətinə çatdırmışdı”. 

Analitik əlavə edib ki, Özəlin rəhbərlik etdiyi partiya Türkiyə cəmiyyətində kifayət qədər dəstəyə malikdir və bu amil Azərbaycanla siyasi dialoqun əhəmiyyətini artırır.

“İki il sonra Türkiyədə prezident seçkisi keçiriləcək. Yeni Partinin dəstəkləyəcəyi namizədin dövlət başçısı seçilməsi ehtimalı az deyil. Bu baxımdan, həmin partiya ilə qurulan dialoq Azərbaycan-Türkiyə ittifaqının güclənməsinə xidmət edir.

Yaxın müddətdə Rəcəb Tayyib Ərdoğanın müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalının da Azərbaycana səfəri reallaşa bilər. Türkiyədə millətçi partiyaların, siyasətçilərin və ekspertlərin Azərbaycanla münasibətlərə əhəmiyyət verməsi iki ölkə arasında yaranan böhranların aradan qaldırılmasında xüsusi rol oynayır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyənin əsas müxalifət partiyası olan Yeni Parti sədri Özgür Özəl noyabrın 9-da Prezident İlham Əliyevə telefonla zəng edərək Zəfər Günü münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər