Avropada yenə nə baş verir? - Qırıcılar havaya qalxdı
Avropa səmasında son günlər baş verən bomba təhdidləri fikir vermisinizsə, adi aviasiya insidenti təsiri bağışlamır.
Bir neçə gün əvvəl ən azı 7 sərnişin reysini əhatə edən oxşar hadisələrdən sonra bu səhər də müxtəlif ölkələrin hava yollarına məxsus təyyarələr hədəfə alınıb. Bəzi reyslər məcburi eniş edib, digərləri marşrutunu dəyişib, Fransa və İtaliya hərbi hava qüvvələri isə sərnişin təyyarələrini müşayiət etmək üçün hətta qırıcılarını havaya qaldırıb.
Maraqlı məqam insidentin ölkələrin aviasiya sistemini əhatə etməsidir. İlkin yoxlamalarda təyyarələrdə partlayıcı maddə aşkarlanmayıb. Bu isə hadisələrin arxasında hava nəqliyyatını iflic etmək, təhlükəsizlik qüvvələrini səfərbərliyə məcbur etmək və cəmiyyətdə qorxu yaratmaq məqsədinin dayana biləcəyi ehtimalını gücləndirir.
Avropa ilə Rusiya arasında davam edən qarşıdurma fonunda hibrid təxribat versiyası da düşünülə bilər. Koordinasiyalı saxta xəbərdarlıqlar yolu ilə hava limanlarında xaos yaratmaq, aviaşirkətlərə iqtisadi zərər yetirmək və hərbi aviasiyanın resurslarını məşğul etmək mümkündür. Bununla belə, kiber qrupların və digər qeyri-dövlət aktorlarının iştirakı da istisna edilmir.
Əsas sual bu təhdidlərin kim tərəfindən və hansı məqsədlə təşkil edilməsidir. Çünki bir neçə bomba xəbərdarlığı ilə o boyda Avropanın müxtəlif ölkələrində aviasiya sistemini hərəkətə gətirmək belə asandırsa, artıq qitənin hava məkanının nə dərəcədə qorunduğu da sual altındadır.
Jalə Rövşən