907-ci düzəlişin aqibəti necə olacaq ? - Vaşinqtonda vəziyyət qarışır
ABŞ-də keçirilən aralıq seçkilərdə demokratların mövqelərinin güclənməsi Donald Tramp administrasiyasının siyasi manevr imkanlarını məhdudlaşdıra bilər. Bu vəziyyət Vaşinqtonun xarici siyasət gündəliyinə, o cümlədən Azərbaycanla münasibətlərə də təsirsiz ötüşməyə bilər. Xüsusilə, uzun müddətdir müzakirə olunan və Azərbaycanın ABŞ ilə münasibətlərində həssas məsələlərdən biri olan 907-ci düzəliş yenidən gündəmə gəlir.
Belə olan halda Azərbaycanı nə gözləyir?
Sözügedən mövzu ilə ətrafında politoloq Əli Mustafa TodayPress TV-yə danışıb.

Analitik hesab edir ki, 907-ci düzəlişin ləğvi üçün Trampın hələ kifayət qədər siyasi imkanı var:
“907-ci düzəlişin aradan qaldırılması üçün hələ yanvar ayına qədər əlverişli fürsətlər var. Yanvar ayında isə yeni Konqres fəaliyyətə başlayacaq. O vaxta qədər Trampın Respublikaçılar Partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlük təşkil edir. Əlbəttə, Tramp istəsə, Azərbaycanla münasibətlərin yaxşılaşmasını, eyni zamanda ölkəmizə qarşı tətbiq olunan bu haqsız sanksiyanın aradan qaldırılmasını təmin edə bilər”.
Politoloq düzəlişin strateji tərəfdaşlıq münasibətləri ilə uzlaşmadığını bildirib:
“Amerika ilə Azərbaycan arasında artıq strateji tərəfdaşlıq prosesi gedir. Belə bir sazişdən sonra Azərbaycana qarşı bu sanksiyanın qüvvədə qalması doğru deyil. 907-ci düzəlişin özü də ədalətsiz və qeyri-adekvat yanaşmanın nəticəsində ortaya çıxıb. Bu, Amerika kimi bir fövqəldövlətin ədalətsizliyinin nümunəsidir”.
Müsahibimiz, həmçinin düzəlişin regiondakı yeni siyasi reallıqlara uyğun olmadığını da vurğulayıb:
“Azərbaycan Ermənistanı blokadada saxlayıb. İndi isə Ermənistan Azərbaycanı blokadada saxlamır, amma Azərbaycanın bir sərhədinin açılması məsələsi hələ də Ermənistanın mövqeyindən asılıdır. Yəni həqiqətən vicdanlı və obyektiv siyasi yanaşma sərgiləsəydilər, bu düzəliş Azərbaycana qarşı deyil, Ermənistana qarşı tətbiq olunmalı idi. Amma təəssüf ki, onlar hələ də bu biabırçı düzəlişin qüvvədə qalmasını təmin edirlər. Halbuki doğru addım vaxt itirmədən onu aradan qaldırmaqdır”.
Jalə Rövşən