İran niyə indi Vilayətinin dili ilə Paşinyana "xox" gəlib?
Cənubi Qafqazda formalaşan yeni kommunikasiya xətlərinin açılması prosesi Tehran rejiminin əsəblərini son həddə qədər gərib. İranın Ali Rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri, ölkənin keçmiş xarici işlər naziri və rejimin xarici siyasət doktrinasını diktə edən ən qocaman simalarından biri olan Əli Əkbər Vilayətinin mətbuata sızan son sərt bəyanatları diplomatik ritorikanın bütün sərhədlərini aşan, birbaşa şantaj və qisas təhdidi ilə dolu siyasi çıxışı bölgəni qarışdırdı.
Vilayətinin hədəf seçdiyi əsas mövzu Zəngəzur xəttinin qlobal logistikaya inteqrasiyasını nəzərdə tutan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsidir. Lakin Vilayətinin "Onların ayaqlarını qıracağıq" hədəsi ilə müşayiət olunan qəzəbini çoxu niyəsə təkcə İrəvana mesaj kimi izah etdi, amma bütövlükdə Cənubi Qafqazın müstəqil iradəsinə, o cümlədən Bakı və Ankaraya yönəlmiş birbaşa xəbərdarlıqdır.
Tehranın irəli sürdüyü tezis əslində fars-molla rejiminin regiona baxışını çılpaqlığı ilə ortaya qoyur: "Rusiyanın başı Ukraynada müharibəyə qarışıb deyə, siz üç Cənubi Qafqaz ölkəsi xam xəyallara düşmüsünüz, müstəqil siyasət yürütməyə, Qərblə əlaqələr qurmağa çalışırsınız. Amma İran ölməyib; Rusiya qayıdıb sizi 'sahmana' salana qədər, biz burada jandarm kimi dayanmışıq."
Bəyanat Paşinyanın qulağını burmaq cəhdi kimi yadda qalmayacaq. XIX əsrin "Gülüstan" və "Türkmənçay" müqavilələrindən qalan müstəmləkəçi zehniyyətin XXI əsrdə yenidən xortlaması yaşanır. Tehran açıq şəkildə etiraf edir ki, o, Cənubi Qafqazı müstəqil dövlətlərin birliyi kimi yox, Moskva və Tehranın ortaq nəzarətində qalmalı olan bir arxa bağça kimi görür. Şimal ayı ilə cənub kərtənkələsinin razılaşdığı bu qaranlıq modeldə nə Azərbaycanın suverenliyinə, nə Gürcüstanın tranzit imkanlarına, nə də Ermənistanın iqtisadi dirçəlişinə yer var.
Bəs sual olunur: Vilayəti niyə illərdir dözüb-dözüb, məhz indi – dünənki gün belə qəfil və isterik şəkildə barmaq silkələməyə başladı? Bu zamanlama qətiyyən təsadüfi deyil.
Hər şeydən əvvəl, Rusiyanın Ermənistandakı tarixi təsir dayaqları son dərəcə sarsılıb və faktiki olaraq çökmək üzrədir. Moskvaya bağlı sonuncu fiqurlar da bir-bir sıradan çıxarılır; hətta Samvel Babayanın həbsi ilə Kremlin İrəvandakı sonuncu güclü təmsilçiləri meydandan silindi və ortalıqda faktiki olaraq təkcə Baqrat Keşiş qaldı. Bu isə o deməkdir ki, Rusiyanın İrəvan üzərindəki birbaşa təsir rıçaqları tamamilə iflic vəziyyətə düşüb.
Meydandakı bu boşluğu isə dərhal Qərb doldurmağa başladı. Xüsusilə Fransanın bölgəyə birtərəfli canatması, Ermənistanı silahlandırması və digər tərəfdən Birləşmiş Ştatların TRIPP layihəsi vasitəsilə Zəngəzura daxil olması geosiyasi xəritəni dəyişir. Üstəlik, Amerikadakı hakimiyyət dəyişikliyi fonunda Vaşinqtonun regional siyasətində, xüsusən Zəngəzur dəhlizi məsələsində qətiyyətli gedişlərin sürətlənəcəyi açıq görünür.
İllərdir özünü "Qafqazın qeyri-rəsmi sahibi" hesab edən Tehran rejimi gördü ki, nəzarət tamamilə əldən çıxır. Rusiyanın təmsilçiləri bir-bir qandallanır, Ermənistan Qərb platformasına sürüşür, Zəngəzur dəhlizi isə beynəlxalq zəmanətlə açılma ərəfəsindədir. Vilayəti kimi illərin diplomatik hiyləgəri məhz bütün bu amillərin kulminasiya nöqtəsinə çatdığını, Qərbin və ABŞ layihələrinin geridönməz xarakter aldığını anladığı gün meydana atıldı. Təəccüblü və riyakar olan odur ki, dünənə qədər İrəvanla "qardaşlıq"dan, "qırmızı xətlər"dən dəm vuran bu adamlar bir göz qırpımında çevrilib tərəfdaşlarına qarşı ən ağır şantaj və böhtanları yağdıra bilirlər.

Bəs İranı bu qədər vahiməyə salan, Vilayətiyə belə isterik hədələr yazdıran TRIPP layihəsi və Zəngəzur dəhlizi əslində nədir?
İranın illərdir qurduğu geosiyasi hegemonluq sırf blokada üzərində köklənmişdi. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsinin olmaması Bakını onilliklər boyu İran ərazisindən asılı vəziyyətdə saxlamışdı. Eyni zamanda Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən blokadada qalması İrəvanı Tehranın iqtisadi forpostuna çevirmişdi. İndi isə Zəngəzur marşrutu – istər klassik Zəngəzur dəhlizi, istərsə də beynəlxalq investisiyaları cəlb edən TRIPP formatında – bu asılılıq zəncirini birdəfəlik qırır.
Bu xətt açıldığı təqdirdə: Pekin və Mərkəzi Asiyadan başlayan Orta Dəhliz Xəzər dənizindən, Bakıdan keçərək Zəngəzur vasitəsilə Naxçıvana, oradan Türkiyəyə və Avropaya maneəsiz uzanır. Bu marşrut İranın illərdir tətbiq etdiyi ağır tranzit rüsumlarını, sərhəd şantajlarını və süni maneələri tamamilə kənarda qoyur. İran həm yüz milyonlarla dollarlıq tranzit gəlirindən məhrum olur, həm də Türk dünyasının fiziki və logistik bütövlüyünün qarşısını almaq rıçaqını birdəfəlik itirir. Məhz buna görə Vilayəti "qulağınızın dibini görəndə dəhlizi görərsiniz" deyərək acizanə şəkildə diş qıcıyır.
İkincisi, Tehranın bu təhdidi Ermənistandakı revanşist qüvvələri şirnikləndirmək və Paşinyan hökumətini təslim etmək məqsədi güdür. İran İrəvana mesaj verir ki, Qərblə heç bir inteqrasiyaya getmə, Türkiyə və Azərbaycanla sülh imzalama, sərhədləri açma; gözlə, Rusiya Ukraynada qalib gələndə səni yenidən öz çətirinə alacaq. Əslində bu siyasət Ermənistanı bataqlığa sürükləyən, onu əbədi təcridə məhkum edən xəyanətkar bir yoldur.
Lakin Vilayətinin və onun arxasında dayanan Tehran klanının unuttuğu çox mühüm bir reallıq var: Cənubi Qafqaz artıq 1990-cı illərin kimsəsiz və zəif coğrafiyası deyil.
Bu gün regionda 44 günlük müharibədə tarixi Zəfər qazanmış, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib Azərbaycan dövləti var. Azərbaycan heç kimin diktəsi ilə hərəkət etmir, öz milli maraqlarını qorumaq üçün həm hərbi, həm də diplomatik gücə malikdir. Ən əsası, Bakının arxasında "Bir millət, iki dövlət" şüarı ilə hərəkət edən, Şuşa Bəyannaməsi ilə hərbi müttəfiqliyini rəsmiləşdirmiş NATO-nun ikinci ən böyük ordusuna sahib Türkiyə Cümhuriyyəti dayanır.
Əgər Vilayəti və rejimin digər təbliğatçıları Ermənistana və Azərbaycana "sahman" dərsi keçmək, Qafqaza tankla, topla girmək arzusundadırlarsa, bilməlidirlər ki, onların qarşısında təkcə üç Cənubi Qafqaz dövləti deyil, bütövlükdə Türk dünyasının hərbi-strateji sipəri dayanır. Türkiyənin regiondakı varlığı İranın və ya hər hansı digər imperiya qalığının Qafqazı yenidən bölüşdürmək xülyasını yerlə-yeksan edir.
Məsələnin digər tərəfi isə İranın daxilindəki partlayış həddində olan sosial və milli gərginlikdir. Cənub sərhədlərində ABŞ və İsrailin zərbə təyyarələri uçuşarkən, daxildə iqtisadiyyat çökərkən, milli valyuta rekord həddə dəyərdən düşərkən və ən əsası, ölkə daxilində yaşayan 30 milyondan çox soydaşımız – Cənubi Azərbaycan türkləri milli azadlıq tələbləri ilə ayağa qalxmağa hazırkən, Tehranın top lülələrini şimala çevirməsi və Arazın o tayına xox gəlməsi intihardan başqa bir şey deyil.
Vilayətinin "Rusiyanı gözləyin" təhdidi əslində Tehranın öz gücsüzlüyünün, çarəsizliyinin və strateji dalana dirəndiyinin etirafıdır. Özünü "qüdrətli regional dövlət" adlandıran bir rejim Qafqazdakı qonşularını qorxutmaq üçün hələ də başqa bir dövlətin – Rusiyanın Ukraynadan qayıtmasına möhtac qalıbsa, deməli, həmin rejimin özünün ayaqları artıq çoxdan qırılıb.
Cənubi Qafqaz xalqları artıq öz seçimini edib: bu coğrafiya əbədi müharibələrin, imperialist xəndəklərin və məzhəbçi qorxuların məkanı olmayacaq. Zəngəzurdan keçəcək yollar təkcə qatarları və yükləri deyil, bütöv bir regionun müstəqilliyini, rifahını və azadlığını daşıyacaq. Tehran isə təhdid dolu köhnə vərəqlərini oxumaqda davam edə bilər; amma karvan artıq yola düşüb və o karvanın yolunu nə Vilayətinin bəyanatları, nə də rejimin köhnəlmiş topları kəsə bilməyəcək.