"İl(r)an"ın quyruğunu kim tapdalayıb? - Növbəti hədəf Ermənistan ola bilər
İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Ermənistana ünvanladığı sərt mesajlar regionda gərginliyi artırıb. Vilayəti TRIPP layihəsinə qarşı çıxaraq ABŞ və müttəfiqlərini sərt şəkildə təhdid edib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanı Qərblə yaxınlaşmaqda ittiham edib və layihəni Tehranın təhlükəsizlik maraqlarına zidd adlandırıb.
Vilayəti bildirib ki, İran Cənubi Qafqazın təhlükəsizliyini öz məsuliyyəti hesab edir və TRIPP layihəsini özünün qırmızı xətti kimi görür. O, Ermənistan səfirinə xəbərdarlıq etdiyini vurğulayaraq deyib: “Tramp və onun müttəfiqləri İranın bu qırmızı xəttini keçmək istəsələr, onların ayaqlarını qıracağıq”.
İrəvanla Tehran arasında nə baş verir? Ermənistanın Türkiyə və Azərbaycanla yaxınlaşmasını nəzərə alsaq, İranın bu mövqeyi dolayısı ilə Azərbaycana qarşı addım kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı siyasi analitik Şakir Ağayev TodayPress TV-yə açıqlamasında bildirib ki, Vilayətinin TRIPP layihəsi ilə bağlı səsləndirdiyi təhdidlər İranın əvvəlki mövqeyinin davamıdır:

“Bu, İran tərəfindən gözlənilən reaksiya idi. İran əvvəldən bu marşrutun əleyhinə çıxıb. Vilayətinin açıqlaması da göstərir ki, Tehran layihənin reallaşmasına mane olmaq niyyətindədir. Hətta Ermənistanın səfirliyinə də əvvəlcədən xəbərdarlıq edildiyi bildirilir”.
O hesab edir ki, İranın təhdidlərinin əsas hədəfi layihədə iştirak edəcək şirkətlərdir:
“İranın bu təhdidi birbaşa həmin şirkətləri qorxutmağa yönəlib. Onlar bilirlər ki, Amerika-İsrail-İran müharibəsi zamanı İran ABŞ və İsrailin hərbi bazalarının, eləcə də onların strukturlarının yerləşdiyi əraziləri atəşə tuturdu. İran bu addımı artıq sınaqdan keçirib. Ona görə də şirkətləri layihədən çəkindirməyə, investisiya yatırmalarının və orada iştirak etmələrinin qarşısını almağa çalışır. Çünki layihənin həyata keçirilməsində əsas rolu Amerika şirkəti oynayacaq”.
Analitikin sözlərinə görə, Tehran bu layihəni həm özünə, həm də Ermənistanın təhlükəsizliyinə təhdid kimi təqdim edir:
“İran Zəngəzur dəhlizinin, yəni TRIPP layihəsinin həyata keçirilməsinin qəti əleyhinədir və bütün vasitələrlə buna mane olmaq istəyir. Bu, təhlükəsizlik baxımından vəziyyəti mürəkkəbləşdirir. İranın mesajı həm də Ermənistana xəbərdarlıqdır. Sabah ABŞ-la İran arasında yenidən müharibə başlasa, İrəvanın həmin hissəsi də hədəfə alına bilər. Çünki bu ərazi amerikalıların iqtisadi zonası kimi qiymətləndirilə bilər”.
Politoloq Azərbaycanın və Türkiyənin İran tərəfindən birbaşa təhdid olunması ehtimalını isə real hesab etmir:
“Azərbaycan əvvəlcədən də bildirib ki, İran nə Türkiyəni, nə də Azərbaycanı təhdid edə bilər. Çünki hər iki dövlətin gücünə bələddir. Burada əsas məsuliyyət ABŞ-ın və Ermənistanın üzərinə düşür. Azərbaycanın özünə aid olan Zəngəzur dəhlizi ilə bağlı işləri, demək olar ki, başa çatıb. Ermənistan ərazisindən keçən 40 kilometrdən artıq yol isə İrəvanın məsuliyyətindədir. Həmin ərazidə layihənin həyata keçirilməsi və təhlükəsizliyin təmin olunması Ermənistanın öhdəliyidir. Çünki şirkətlərlə müqavilələri Azərbaycan deyil, Ermənistan bağlayıb”.