Azərbaycan əlini çəkən kimi Rusiya Paşinyanı devirəcək
Nikol Paşinyanın son dövrlər sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə uzatması, konstitusiya dəyişikliyini ləngitməsi və Vaşinqtona – xüsusilə ABŞ-dəki liberal-demokrat dairələrin dəstəyinə arxalanaraq vaxt qazanmaq cəhdləri Ermənistan rəhbərliyinin düşdüyü ən təhlükəsiz siyasi tələdir. Ağ Evdəki demokratların "təhlükəsizlik çətiri" və ya Avropanın müşahidəçi missiyaları İrəvan üçün etibarlı qala deyil; bu ilğım arxasında qaçan Paşinyan anlamır ki, bu avantüranın ilk və ən ağır zərbəsini elə onun öz hakimiyyəti alacaq.
Reallıq ondan ibarətdir ki, bu gün Ermənistanın daxilində Paşinyan rejimini faktiki olaraq ayaqda saxlayan, onu daxili revanşist qisasdan qoruyan əsas amillərdən biri məhz Azərbaycanın yaratdığı sərt, lakin sabit geosiyasi çərçivədir. Bakı beynəlxalq hüququ və qalib tərəf kimi öz iradəsini diqtə edərək İrəvanı sülh masasında saxlayır və bu, Ermənistandakı radikal, hərbi-cinayətkar keçmişə bağlı revanşist qüvvələrin daxildə tam qiyam qaldırmasını əngəlləyir.
Əgər Azərbaycan prosesdən əlini çəkərsə, İrəvanla danışıqları dayandırıb öz sərhədlərinə çəkilərək gözləmə mövqeyinə keçərsə, Paşinyanın hakimiyyəti bir neçə həftə belə davam gətirə bilməz. Moskvaya bağlı qüvvələr, "Qarabağ klanı"nın qalıqları və daxili müxalifət Qərbin gözləri qarşısında Paşinyanı hakimiyyətdən devirəcək. Nə Vaşinqtondakı bəyanatlar, nə də Fransa jandarmasının müşahidələri İrəvanda baş verəcək daxili çevrilişin qarşısını almağa yetməyəcək.
Paşinyan və onun komandası çox təhlükəli bir xətt üzərində oynayır. Rəsmi Bakı dəfələrlə sübut edib ki, diplomatik dildən, sivil sülh çağırışlarından anlamayan, vaxt uzatmaqla arxadan xəncər vurmağa çalışan qarşı tərəflə hansı dildə danışmaq lazımdır. 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü ilin birgünlük antiterror tədbirləri bunun ən bariz, danılmaz sübutudur. Azərbaycan ordu gücü ilə düşmənin belini qırmağı, işğala son qoymağı və təslim aktı imzalamağa məcbur etməyi bacardığını bütün dünyaya nümayiş etdirdi.
İrəvan seçim qarşısındadır: ya Vaşinqtondakı demokratların boş vədlərini kənara qoyub birbaşa regionun sahibi olan Bakı ilə real və yekun sülh sazişinə imza atacaq, ya da öz xülyalarının qurbanı olaraq həm daxildən süquta uğrayacaq, həm də Azərbaycanın "dəmir yumruğu" ilə yenidən üz-üzə qalacaq. Çünki sülhdən qaçanın aqibətinin nə olduğunu Azərbaycan ordusu İrəvana çox yaxşı başa salıb.
İsmayıl Şahlı