Ərdoğan Azərbaycana gəlir, lakin... Bakı-Ankara xəttində nə baş verir?
Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttində yaşanan son gərginliklər baxımından fərqlənir.
TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Asif Nərimanlı Ərdoğanın 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırmasını şərh edərkən deyib.
O vurğulayıb ki, gərginlik səngisə də, tamamilə aradan qalxdığını demək çətindir:
"İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Ankara zirvəsinə getməməsi bunu deməyə əsas verir. Ərdoğanın Azərbaycana səfərlə bağlı verdiyi açıqlamasında “Türkiyə və Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur” sözləri də problemlərin olduğuna işarə edir".
Siyasi şərhçinin sözlərinə görə, buradan iki nəticə çıxarmaq olar.
1. İlham Əliyev Ankaraya getməməklə Türkiyədə son illər Azərbaycana qarşı artan xətlə davam edən hücumlar qarşısında konkret mövqe sərgilədi. Bunu Azərbaycanın “qırmızı xətləri”nin nümayiş etdirilməsi kimi də qəbul edə bilərik;
2. Ərdoğan Bakıya gəlməklə Azərbaycanla yaranmış gərginliyin tamamilə aradan qaldırılmasında maraqlı olduğunu nümayiş etdirir.
Politoloq qeyd edib ki, artıq səfərlə bağlı diplomatik təmasların olduğu məlumdur. Ərdoğan MİT və XİN rəhbərlərini Bakıya göndərdiyini, İlham Əliyevlə telefon danışıqlarının olduğunu bildirib:
"Hadisələrin inkişafı, regiondakı proseslər və bu diplomatik trafik fonunda istisna edilməməlidir ki, Bakı-Ankara xəttindəki gərginliyin daha dərin qatları var. Bunu da yalnız liderlər müzakirə edə, ortaq mövqelər tapa bilər. Ərdoğanın Bakı səfəri bu baxımdan əhəmiyyətli olacaq".
Aysel Mətləb