Yeni qaraciyər də sirrozdan xilas etmir
Qaraciyər transplantasiyasından sonra sirroz yenidən inkişaf edə bilər. Əksər hallarda bunun səbəbi ilkin olaraq sirroza səbəb olan xəstəliyin təkrar ortaya çıxmasıdır.
TodayPress TV xəbər verir ki, bu qənaətə Cənubi Karolina Tibb Universitetinin alimləri gəlib. Tədqiqatın nəticələri “Portal Hypertension & Cirrhosis” jurnalının onlayn versiyasında dərc olunub.
Tədqiqatçılar 1987-2023-cü illər arasında sirroz səbəbindən qaraciyər transplantasiyası keçirən 937 yetkin pasiyentin məlumatlarını təhlil ediblər.
Transplantasiyadan sonra 107 nəfərdə, yəni pasiyentlərin 11,4 faizində sirroz yenidən inkişaf edib. Xəstəlik orta hesabla əməliyyatdan 7,8 il sonra müşahidə olunub.
Halların 83,2 faizində səbəb transplantasiyaya gətirib çıxaran eyni qaraciyər xəstəliyi olub. Sirroz ən çox autoimmun hepatit və birincili biliar xolangit diaqnozu qoyulan pasiyentlərdə təkrarlanıb. Bu xəstələr arasında sirrozun yenidən inkişaf etməsi müvafiq olaraq 29,1 və 21,2 faiz təşkil edib.
Araşdırmada iştirak edən daha 18 nəfərdə, yəni bütün pasiyentlərin 1,9 faizində sirroz transplantasiyadan sonra ilk dəfə yaranıb və ilkin xəstəliklə əlaqəli olmayıb. Bu qrupda əsas səbəblər arasında transplantasiya edilmiş qaraciyərin xroniki olaraq rədd edilməsi və metabolik disfunksiya ilə əlaqəli steatohepatit olub.
Alimlər, həmçinin müəyyən ediblər ki, transplantasiyadan sonra sirrozun inkişafı uzunmüddətli sağqalma göstəricisinin aşağı olması ilə əlaqəlidir. Transplantasiyadan 20 il sonra sonradan sirroz inkişaf edən pasiyentlərin 50,6 faizi həyatda qalıb. Sirroz inkişaf etməyənlər arasında isə bu göstərici 70,7 faiz olub.
Sirroz inkişaf edən qrupda ölüm riski daha yüksək olub. Risk nisbəti 1,77 təşkil edib.
Qiymət Mahir