Ürək, bağırsaq, şəkər... - Kətan toxumunun bilmədiyimiz TƏRƏFLƏRİ
Son illərdə sağlam qidalanma və pəhriz mütəxəssislərinin tez-tez gündəmə gətirdiyi "superqidalar" arasında kətan toxumu xüsusi yer tutur. Qədim dövrlərdən bəri həm müalicəvi, həm də qida məqsədilə istifadə edilən bu bitki toxumları müasir tibbi araşdırmalarda da öz təsdiqini tapır.
Ürək-damar sağlamlığından həzm sisteminin tənzimlənməsinə qədər bir çox sahədə faydaları ilə tanınan kətan toxumu, doğru istifadə olunmadıqda müəyyən yan təsirlərə də səbəb ola bilir.
Bəs kətan toxumunu bu qədər faydalı edən əsas xüsusiyyətlər hansılardır?
Mütəxəssislər kətan toxumunun zəngin tərkibinin üç əsas komponentlə bağlı olduğunu bildirirlər:
•Omeqa-3 yağ turşuları;
•Liqnanlar;
•Pəhriz lifləri.
Xüsusilə bitki mənşəli Omeqa-3 hesab edilən alfa-linolenik turşusu (ALA) damar iltihabının qarşısını alır, qan təzyiqini tənzimləyir və orqanizmdə "pis" xolesterin səviyyəsini aşağı salır. Bununla yanaşı, tərkibindəki yüksək miqdarda həll olunan və həll olunmayan liflər həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını dəstəkləyir və qəbizlik problemini aradan qaldırır.
Karbohidratların həzmini ləngidərək qanda şəkərin kəskin yüksəlməsinin qarşısını alması isə onu II tip diabet riski olan şəxslər üçün dəyərli qidaya çevirir. Tərkibindəki güclü antioksidantlar olan liqnanlar hüceyrələri sərbəst radikalların zərərli təsirlərindən qoruyaraq hormon mənşəli xəstəliklərin yaranma riskini azaldır.
Kətan toxumunun bu faydalarından yararlanmaq üçün onu necə və nə qədər qəbul etmək lazımdır?
Bu superqidanın faydalı xassələrindən tam yararlanmaq üçün onun istehlak formasına xüsusi diqqət yetirmək lazımdır. Mütəxəssislərin fikrincə, kətan toxumunu bütöv halda deyil, üyüdülmüş şəkildə qəbul etmək daha məqsədəuyğundur. Bütöv toxumların qabığı bərk olduğu üçün həzm olunmadan bədəndən xaric ola bilir və bu da onun tərkibindəki qida maddələrinin mənimsənilməsini çətinləşdirir.
Günlük doza olaraq böyüklər üçün 1–2 yemək qaşığı (təxminən 10–20 qram) yetərli hesab olunur. Üyüdülmüş toxumları qatıq, yulaf sıyığı, smuzi və ya salatlara əlavə edərək rahatlıqla menyuya daxil etmək mümkündür. Lakin kətan toxumu yüksək lif tərkibinə görə bədəndəki suyu özünə çəkdiyi üçün gün ərzində bol su içilməsi mühüm əhəmiyyət daşıyır.
Kətan toxumunun istifadəsi hər kəs üçün təhlükəsizdirmi?
Bütün faydalarına baxmayaraq, kətan toxumunun həddindən artıq və ya nəzarətsiz istifadəsi bəzi sağlamlıq problemlərinə yol aça bilər. Birdən-birə böyük dozada qəbul edildikdə və ya yetərincə su içilmədikdə mədədə qaz, köp, qarın ağrısı və hətta bağırsaq tıxanmaları meydana gələ bilər.
Tərkibindəki fitoestrogenlərin hormon balansına təsir ehtimalı nəzərə alınaraq, hamilə və əmizdirən qadınların bu toxumları həkim məsləhəti olmadan istifadə etməsi tövsiyə edilmir.
Eyni zamanda qan durulaşdırıcı, təzyiq və diabet dərmanları qəbul edən şəxslər də kətan toxumunu pəhrizlərinə əlavə etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşməlidirlər.
Aysel Mətləb