Qastrit və reflü arasındakı fərq nədir? - Əlamətlər və müalicə prinsipləri
Qastrit və reflü həzm sistemi ilə bağlı bir-birinə bənzər şikayətlər yarada bilsə də, əslində fərqli problemlərdir. Qastrit mədənin selikli qişasının iltihablanması ilə xarakterizə olunur, reflü isə mədə möhtəviyyatının qida borusuna geri qayıtması nəticəsində yaranır.
Bəs qastrit hansı əlamətlərlə özünü göstərir?
Bu vəziyyətdə qarının yuxarı hissəsində ağrı və ya narahatlıq, həzmsizlik, ürəkbulanma, qusma, yemək zamanı tez doyma və iştahanın azalması müşahidə oluna bilər. Lakin qastriti olan bəzi insanlarda ümumiyyətlə heç bir əlamət olmaya bilər.
Qastritin səbəbləri də müxtəlifdir. Ən geniş yayılmış səbəblərdən biri Helicobacter pylori bakteriyası ilə yoluxmadır. Bundan başqa, bəzi ağrıkəsicilərin, xüsusilə qeyri-steroid iltihabəleyhinə preparatların uzunmüddətli istifadəsi, alkoqol və bəzi digər amillər mədənin selikli qişasına zərər verə bilər.
Reflüdə isə əsas əlamətlərdən biri döş sümüyünün arxasında yanma hissidir. Mədə möhtəviyyatının qida borusuna və bəzən boğaza geri qayıtması ağızda turş və ya qida dadının yaranmasına səbəb ola bilər. Bəzi insanlarda udma çətinliyi, xroniki öskürək və səsdə xırıltı da müşahidə edilə bilər.
Reflünün arabir baş verməsi geniş yayılmış haldır. Lakin şikayətlər təkrarlanırsa və uzun müddət davam edirsə, bu, qastroezofageal reflü xəstəliyi (GERD) ilə əlaqəli ola bilər. Artıq çəki, siqaret çəkmək, hamiləlik və diafraqma yırtığı kimi amillər reflü riskini artıra bilər.
Müalicə isə problemin səbəbindən asılıdır. Qastrit zamanı ilk növbədə onun səbəbi müəyyənləşdirilir. Məsələn, H. pylori aşkarlanarsa, bakteriyanın aradan qaldırılması üçün antibiotiklərlə yanaşı turşuluğu azaldan preparatlardan istifadə oluna bilər. Ağrıkəsicilərin yaratdığı qastritdə isə həkim həmin dərmanların dəyişdirilməsini və ya dayandırılmasını tövsiyə edə bilər.
Reflünün müalicəsində qidalanma və həyat tərzi dəyişiklikləri mühüm rol oynaya bilər. Xüsusilə yatmazdan ən azı 3 saat əvvəl yeməyi dayandırmaq, simptomları artıran qida və içkilərdən uzaq durmaq tövsiyə edilir. Lazım gəldikdə antasidlər, H2-reseptor blokatorları və proton pompası inhibitorlarından istifadə oluna bilər.
Beləliklə, qastrit əsasən mədənin selikli qişası ilə, reflü isə mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə bağlıdır. Davamlı qarın və ya döş ağrısı, udma çətinliyi, davamlı qusma, səbəbsiz çəki itkisi, qanlı qusma və ya qara nəcis kimi əlamətlər müşahidə olunarsa, həkimə müraciət etmək vacibdir.
Aysel Mətləb