Mədə yanması niyə olur? Səbəblər, qarşısını alma yolları və müalicə

Mədə yanması niyə olur? Səbəblər, qarşısını alma yolları və müalicə
25.06.2026 17:13 Sağlamlıq

Mədə yanması döş sümüyünün arxasında və mədənin üst hissəsində yaranan yanma hissi ilə özünü göstərən geniş yayılmış sağlamlıq problemidir.

TodayPress TV xəbər verir ki, bu vəziyyət əsasən mədə turşusunun qida borusuna geri qalması nəticəsində yaranır.

Mütəxəssislərin bildirdiyinə görə, mədə yanmasının əsas səbəbləri düzgün olmayan qidalanma vərdişləri və həyat tərzi ilə bağlıdır. Yağlı və qızartma yeməklərin, acılı və turş qidaların, həmçinin şokolad, qəhvə və qazlı içkilərin həddindən artıq qəbulu bu problemi daha da artırır. Eyni zamanda çox yemək, gec saatlarda qida qəbul etmək və yeməkdən dərhal sonra uzanmaq da risk faktorları arasında göstərilir.

Artıq çəki, siqaret və alkoqol istifadəsi də mədə yanmasının yaranmasına şərait yaradan əsas amillərdir. Bəzi hallarda isə qida borusu ilə mədə arasındakı qapağın zəifləməsi və ya Qastroezofageal reflüks xəstəliyi kimi tibbi səbəblər bu vəziyyətə gətirib çıxara bilər.

Mədə yanması zamanı döş qəfəsində yanma hissi, ağıza turş və ya acı maye gəlməsi, gəyirmə və yeməkdən sonra narahatlıq kimi əlamətlər müşahidə olunur.

Mütəxəssislər mədə yanmasının qarşısını almaq üçün az-az, amma tez-tez yeməyi, yeməkdən sonra ən az 2-3 saat uzanmamağı və yatarkən baş hissəsini bir qədər qaldırmağı tövsiyə edirlər. Yağlı və acılı qidalardan uzaq durmaq, siqareti tərgitmək və artıq çəkini azaltmaq da vacib profilaktik tədbirlər sırasındadır.

Yüngül hallarda mədə yanması həyat tərzinin dəyişdirilməsi ilə aradan qalxa bilər. Daha ciddi hallarda isə həkim məsləhəti ilə antasidlər, proton pompa inhibitorları və digər mədə turşusunu azaldan dərmanlar istifadə oluna bilər.

Həkimlər bildirirlər ki, mədə yanması tez-tez təkrarlanırsa, udma çətinliyi, güclü ağrı və ya çəki itkisi müşahidə olunursa, mütləq tibbi müayinəyə müraciət edilməlidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər