Gecə yuxudan qəfil oyanırsınızsa... - Nevroloq izah etdi
Gecə yuxudan qəfil oyanma yuxu fazalarının pozulması, stress, qan şəkərində dəyişikliklər və bəzi sağlamlıq problemləri ilə əlaqəli ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “RT” nevroloq Yekaterina Demyanovskayanın açıqlamasına istinadən məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, yuxunun müxtəlif mərhələləri arasında keçid zamanı xarici səs-küy, havasız otaq və ya narahat vəziyyət yuxunun pozulmasına səbəb ola bilər. Bu hal nadir hallarda baş verirsə, ciddi problem hesab edilmir.
Demyanovskaya bildirib ki, narahatlıq və ürəkdöyünmə ilə müşayiət olunan oyanmalar xroniki stress, yuxusuzluq və bəzi hormonal pozuntular fonunda kortizol səviyyəsinin dəyişməsi ilə əlaqəli ola bilər.
Nevroloq bəzi hormonal və sakitləşdirici dərmanların düzgün qəbul edilməməsinin və ya qəfil dayandırılmasının da gecə oyanmalarına səbəb ola biləcəyini qeyd edib. Bu zaman insan xüsusilə gecə saat 2-4 arasında oyanaraq yenidən yuxuya getməkdə çətinlik çəkə bilər.
Digər mümkün səbəb isə qan şəkərinin dəyişməsidir. Həkimin sözlərinə görə, axşam yeməyinin qəbul edilməməsi gecə saatlarında qlükozanın azalmasına, bunun da orqanizmdə stress reaksiyasına səbəb olmasına gətirib çıxara bilər.
Mütəxəssis əlavə edib ki, gecə narahat yuxu bəzi ürək problemləri ilə də əlaqəli ola bilər. Oyanma sinə ağrısı və ya təzyiq hissi, eləcə də nəfəs darlığı ilə müşayiət olunursa, təcili həkimə müraciət etmək lazımdır.
Aysel Mətləb