Gecə oyanırsınızsa, təəccüblənməyin: Səbəbi bu ola bilər
İnsanların keçmişdə indiki kimi fasiləsiz 7-8 saat yatmadığı, gecə yuxusunu iki ayrı mərhələyə böldüyü ehtimal edilir.
TodayPress TV xəbər verir ki, “Mental Floss”un məlumatına görə, tarixçilər insanların uzun müddət ərzində əvvəlcə təxminən saat 21:00–23:00 arasında yatmağa başladığını, bir neçə saat sonra isə oyandığını bildirirlər. Bir-iki saat davam edən oyaqlıqdan sonra insanlar yenidən yataraq səhərə qədər yuxularını davam etdiriblər.
Bu nəzəriyyəyə tarixçi Rocer Ekirxin araşdırmaları əsas verib. O, tarixi mənbələrdə “ilk yuxu” və “ikinci yuxu” ifadələrinə çoxsaylı rast gəlib. Bu məlumatlar ədəbiyyat nümunələrində, tibbi mətnlərdə, mahnılarda və digər tarixi sənədlərdə yer alıb.
Belə nümunələrdən biri 1699-cu ildə İngiltərədə anasının qətli ilə bağlı iş üzrə ifadə verən 9 yaşlı Ceyn Routun sözləridir. O, anası ilə birlikdə “ilk yuxudan” sonra oyandıqlarını bildirib.
Tarixi mənbələrə əsasən, gecəyarısı oyanan insanlar bu vaxtı müxtəlif işlərə sərf ediblər. Bəziləri dua edir, düşünür, ev işləri görür, digərləri isə yataqda yaxınları ilə söhbət edirdi. Evli cütlüklər üçün bu saatlar şəxsi həyatlarına vaxt ayırmaq üçün nadir fürsətlərdən biri ola bilərdi.
İnsanların gecə oyanaraq tualetə getdiyi, tütün çəkdiyi, hətta qonşularını ziyarət etdiyi də qeyd olunur. Bəzi insanlar isə həmin vaxt gördükləri yuxular haqqında düşünür və onları daha yaxşı xatırlayırdılar.
Bəs bu yuxu rejimi niyə yoxa çıxdı?
Tədqiqatçılar bunun əsas səbəblərindən birinin süni işıqlandırmanın yayılması olduğunu düşünürlər. Elektrik və digər işıq mənbələri insanların gün batdıqdan sonra daha uzun müddət oyaq qalmasına imkan verib. Süni işıq həmçinin yuxu və oyaqlıq dövrünü tənzimləyən melatonin hormonunun ifrazına təsir göstərə bilər.
Maraqlıdır ki, saat və süni işıqlandırma olmadan aparılan bəzi təcrübələrdə insanların təbii şəkildə yenidən iki mərhələli yuxu rejiminə keçdiyi müşahidə olunub.
Bu səbəbdən gecə saat 2-3 radələrində oyanmaq hər zaman yuxu probleminin göstəricisi olmaya bilər. İnsan tarixinin müəyyən dövrlərində gecənin ortasında oyanmaq normal yuxu rejiminin bir hissəsi hesab edilə bilərdi.
Kübra Musayeva