Van Qoqun “Ulduzlu gecə” əsərindəki ulduzlar deşifrə olundu, sirr açıldı
Cənubi Koreyalı astronomlar Vinsent van Qoqun məşhur “Ulduzlu gecə” rəsmindəki ulduz düzülüşünün real astronomik hadisə ilə əlaqəli ola biləcəyini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, “ScienceAlert” nəşrinin məlumatına görə, Kyung Hee Universitetinin astronomu və SLLAB şirkətinin baş direktoru Kim Conq-hyun rəsmdəki beş ulduzun Buğa bürcündə yerləşən Hyades ulduz topası ilə uyğunluq təşkil etdiyini irəli sürüb.
Alimlərin hesablamalarına əsasən, 1889-cu il iyulun 22-də sübh tezdən Hyades ulduz topası Venera ilə birlikdə şərq üfüqündə görünürdü. Ayın həmin vaxtkı fazası da rəsmə uyğun gəlirdi. Bu tarix rəsm əsərinin ənənəvi olaraq əlaqələndirildiyi 18 iyun 1889-cu il tarixindən daha uyğun hesab olunur.

Hipotezi yoxlamaq üçün tədqiqatçılar Fransanın Sen-Remi şəhərinə gedərək van Qoqun mənzərəni çəkdiyi ehtimal olunan yeri müəyyənləşdiriblər. Onlar həmin nöqtədən görünən səmanı yenidən quraraq rəsmdəki ulduz düzülüşünü real astronomik məlumatlarla müqayisə ediblər.
Müqayisə zamanı rəsmdəki beş ulduzla Hyades ulduz topası arasında uyğunluq aşkarlanıb. Tədqiqatçılar rəssamın ilkin eskizində bu uyğunluğun daha dəqiq olduğunu bildiriblər.
Alimlər oxşar yanaşmanı van Qoqun 1888-ci ildə çəkdiyi “Gecədə kafe terrası” əsərinə də tətbiq ediblər.
Onların fikrincə, həmin rəsmdəki ulduzlar Vega, Deneb və Altair ulduzlarından ibarət “Yay üçbucağı” ilə əlaqəli ola bilər.

Tədqiqatçılar bu metodun digər rəsm əsərlərinin təhlilində də istifadə edilə biləcəyini düşünürlər. Bu yanaşma rəssamların əsərlərini yaradarkən hansı astronomik hadisələrdən ilham aldıqlarını daha dəqiq müəyyənləşdirməyə imkan verə bilər.
Jalə Rövşən