Min illər əvvəl yoxa çıxan sirli heyvanın izi tapıldı
Buz dövründə Sibirdə yaşamış, müasir yakların indiyədək məlum olmayan qohumu alimlər tərəfindən aşkar edilib. Yeni növün mövcudluğu qədim DNT-nin təhlili nəticəsində müəyyənləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tədqiqatçılar Altayda yerləşən Denisova mağarasında və bölgənin digər ərazilərində tapılmış 20 sümük fraqmentini araşdırıblar. Qalıqların vəziyyəti onların xarici əlamətlərə əsasən müəyyənləşdirilməsinə imkan vermədiyindən alimlər qədim genetik materialdan istifadə ediblər.
Araşdırma nəticəsində heyvanın polorohlar fəsiləsinə aid olduğu, lakin məlum müasir və ya nəsli kəsilmiş növlərdən heç birinə uyğun gəlmədiyi müəyyənləşib. Tədqiqatçılar ona hələlik şərti olaraq “Yak X” adı veriblər.
Genetik məlumatlara görə, bu heyvanın təkamül xətti müasir yakların əcdadlarından təxminən 400 min il əvvəl ayrılıb. Alimlər onun xarici görünüşcə bizondan daha çox yaka bənzədiyini ehtimal edirlər.
“Yak X” buz dövründə çöl bizonları, tur, yunlu mamontlar, yunlu kərgədanlar və atlarla eyni dövrdə yaşayıb. Həmin dövrün iri yırtıcıları arasında mağara kaftarları və qonur ayılar da olub.
Tədqiqatçıların fikrincə, təxminən 120 min il əvvəl baş verən istiləşmə zamanı heyvanın populyasiyası azalmağa başlayıb. Onun nə vaxt tamamilə yoxa çıxdığı isə hələlik məlum deyil.
Alimlər vurğulayırlar ki, “Yak X” hələ rəsmi elmi ad almayıb. Bunun üçün yalnız genetik məlumatlar deyil, növün elmi təsviri üçün əlavə əsaslar da tələb olunur.
Kübra Musayeva