Murad Əhmədiyev bürünc medal uğrunda mübarizəni davam etdirəcək

Murad Əhmədiyev bürünc medal uğrunda mübarizəni davam etdirəcək
25.10.2026 19:07 İdman

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın üç təmsilçisindən yalnız biri medal şansını qoruyub. Murad Əhmədiyev bürünc medal uğrunda mübarizəni davam etdirəcək, Ülvi Qənizadə və Sərxan Məmmədov isə yarışla vidalaşıblar.

TodayPress TV xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Murad Əhmədiyev 1/4 finalda belaruslu Kirill Maskeviçə 3:4 hesabı ilə məğlub olsa da, təsəlliverici mərhələyə vəsiqə qazanıb.

Buna rəqibinin finala yüksəlməsi səbəb olub. Maskeviç yarımfinalda Bolqarıstan təmsilçisi Kiril Milovu 7:5 hesabı ilə məğlub edib. Beləliklə, Əhmədiyev oktyabrın 26-da bürünc medal uğrunda görüşə çıxmaq şansı əldə edib.

Azərbaycan güləşçisi turnirə uğurlu başlayıb. O, əvvəlcə Cənubi Koreya təmsilçisi Çon Bin Kvon üzərində 8:0 hesablı qələbə qazanıb, daha sonra xorvatiyalı Matey Mandiçi 7:1 hesabı ilə vaxtından əvvəl məğlub edib.

72 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu Ülvi Qənizadə isə çıxışını başa vurub. O, 1/8 finalda yaponiyalı Rintaro Soqabeyə 9:4 hesabı ilə qalib gəlsə də, 1/4 finalda rusiyalı Mingiyan Qoryayevə 6:7 hesabı ilə uduzub. Qarşılaşma zamanı sağ dizindən zədələnən Azərbaycan təmsilçisi görüşü başa çatdıra bilməyib.

Qoryayevin yarımfinalda iranlı Daniyal Sohrabiyə məğlub olması Qənizadənin təsəlliverici mərhələyə yüksəlmək imkanını aradan qaldırıb.

130 kq çəki dərəcəsində yarışan Sərxan Məmmədov da dünya çempionatında mübarizəni dayandırıb. O, ilk görüşündə braziliyalı Gilyerme Evanjelistu Diası 11:0 hesabı ilə məğlub edib. Lakin 1/8 finalda belaruslu Pavel Qlinçuka 2:6 hesabı ilə uduzub.

Qlinçukun yarımfinalda macarıstanlı Darius Vitekə 0:5 hesabı ilə məğlub olması Məmmədovun da medal ümidlərinə son qoyub.

Beləliklə, oktyabrın 25-də xalçaya çıxan üç Azərbaycan güləşçisindən yalnız Murad Əhmədiyev dünya çempionatında medal qazanmaq imkanını saxlayıb.

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər