Azərbaycan cüdoçuları Düşənbədə tarix yazdı: 5 medal!
Azərbaycanın gənc cüdoçulardan ibarət millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pri turnirində çıxışını başa vurub. Yığmamız yarışda ümumilikdə beş medal əldə edib.
TodayPress TV xəbər verir ki, turnirin son günündə Azərbaycan təmsilçiləri daha iki bürünc medal qazanıblar. Əli Qazıməmmədov (90 kq) və Davud Namazlı (100 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
Yarışın ikinci günündə ümumilikdə beş Azərbaycan cüdoçusu tatamiyə çıxıb. Medal qazanan idmançılarla yanaşı, Məhəmməd Ağakişiyev (81 kq), Canpolad Əliyev (100 kq) və Ramazan Əhmədov (+100 kq) da mübarizə aparıblar.
Beləliklə, Azərbaycan millisi Düşənbə Qran-prisini bir gümüş və dörd bürünc olmaqla, ümumilikdə beş medalla tamamlayıb.