Daha proqramçı olmaq istəmirlər - Gəncləri İT-dən soyudan səbəb bəlli oldu

Daha proqramçı olmaq istəmirlər - Gəncləri İT-dən soyudan səbəb bəlli oldu
03.09.2026 04:37 Maraqlı

Süni intellekt texnologiyalarının sürətli inkişafı ali təhsil sahəsində də yeni tendensiyaların formalaşmasına səbəb olur.

TodayPress TV xəbər verir ki, Rumıniyanın “Ziare” nəşrinin yazdığına görə, ölkədə abituriyentlər proqramlaşdırma və informatika ilə bağlı ixtisaslara əvvəlki qədər maraq göstərmirlər. Buna səbəb süni intellektin gələcəkdə proqramlaşdırma sahəsində iş yerlərini azalda biləcəyi ilə bağlı narahatlıqlardır.

Bu tendensiya builki qəbul kampaniyasında daha aydın müşahidə olunub. Rumıniyanın bir sıra universitetlərində əsas qəbul mərhələsindən sonra informatika ilə əlaqəli ixtisaslarda boş yerlər qalıb.

Yassı şəhərində yerləşən Georgi Asaki adına Texniki Universitetində son 15 ildə ilk dəfə avtomatika və kompüterlər fakültəsində onlarla dövlət hesabına yer boş qalıb.

Tələbələrdən birinin sözlərinə görə, gənclərin ixtisas seçimlərini dəyişməsində əsas səbəblərdən biri məhz süni intellektin proqramlaşdırma peşəsinə təsiri ilə bağlı qorxulardır. O bildirib ki, bir çox abituriyent daha praktik sahələrə, o cümlədən elektrik və tikinti ixtisaslarına yönəlməyə başlayıb.

Bununla yanaşı, tikinti, mexanika və kimya kimi mühəndislik sahələrinə marağın artdığı qeyd olunur. Energetika və robototexnika da gənclərin diqqət yetirdiyi istiqamətlər sırasındadır. Bu sahələrin avtomatlaşdırmadan daha az təsirlənəcəyi düşünülür.

Timisoara Politexnik Universitetinin rektoru Florin Dreqan da abituriyentlərin robototexnika, tikinti və energetika kimi ənənəvi mühəndislik istiqamətlərinə daha çox üstünlük verdiyini bildirib.

Onun sözlərinə görə, bu sahələrdə süni intellekt hazırda insanları əvəz etməkdən daha çox onların işinə kömək edən vasitə kimi çıxış edir.

Qeyd olunur ki, tendensiya yalnız bir universitetlə məhdudlaşmır. Timisoara Qərb Universitetində payız qəbulu üçün qalan 350-dən çox yerin təxminən üçdə biri informatika ixtisaslarının payına düşür.

Beləliklə, bir vaxtlar ən perspektivli peşələr sırasında göstərilən proqramlaşdırma və informatika sahələrinə münasibətdə gənclər arasında müəyyən dəyişiklik müşahidə olunur. Süni intellektin əmək bazarına təsiri ilə bağlı narahatlıqlar isə abituriyentləri daha çox praktiki və mühəndislik ixtisaslarına yönəldir.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər