Buzlaqlar əriyir, təhlükə böyüyür: 15 milyon insan risk altında

Buzlaqlar əriyir, təhlükə böyüyür: 15 milyon insan risk altında
30.08.2026 06:25 Maraqlı

Alimlər buzlaq göllərinin yarılmasının yaratdığı təhlükə ilə bağlı ilk qlobal qiymətləndirməni apararaq, dünyada təxminən 15 milyon insanın potensial təhlükəli zonada yaşadığını hesablayıblar.

TodayPress TV xəbər verir ki, sözügedən tədqiqat “Nature Communications” jurnalında dərc olunub.

Məlumata görə, buzlaq gölləri iqlim istiləşməsi səbəbindən əriyən buzlaqların ərinti sularının buz və qaya parçalarından ibarət təbii bəndlərin arxasında toplanması nəticəsində yaranır. Bu bəndlər dayanıqsız olur və onlar dağıldıqda böyük həcmdə su, buz, yaxud daş qəfil vadidən aşağı axır. Buzlaq gölünün yarılması kimi tanınan bu hadisə onlarla kilometr aşağıda yerləşən yaşayış məntəqələrini, körpüləri və yolları bir neçə dəqiqə ərzində dağıda bilər.

Nortumbriya Universitetinin tədqiqatçıları dünyada buzlaq göllərinin ətrafında potensial daşqın zonasının 50 kilometrlik hissəsində nə qədər insanın yaşadığını qiymətləndiriblər. Məlum olub ki, bu zonada təxminən 15 milyon insan yaşayır. Onlardan təxminən 300 mini belə su hövzələrindən 5 kilometrdən az məsafədə, yəni təhlükəli yaxınlıqda məskunlaşıb.

Ən həssas ərazi Himalay dağlarını və qonşu dağ silsilələrini əhatə edən dağlıq bölgələr olub. Təhlükə altında yaşayan insanların böyük hissəsi bu ərazilərin payına düşür.

Ən təhlükəli üç ölkə sırasında Çin, Pakistan və Hindistan yer alır. Dünyada risk zonasındakı insanların sayına görə üçüncü yeri isə Peru tutur. Ümumilikdə Hindistan, Pakistan, Peru və Çinin payına bu cür daşqınların təhdid etdiyi insanların yarıdan çoxu düşür.

Müəlliflər vurğulayırlar ki, riskin əsas amili gölün özünün ölçüsü deyil, əhalinin sıxlığı və aşağı axında yaşayan insanların həssaslığıdır. Xüsusilə And dağları narahatlıq doğurur. Burada buzlaq göllərinin sayı 1990-cı ildən bəri 93 faiz artıb, Yüksək Asiyada isə bu göstərici 37 faiz təşkil edib. Bununla belə, region zəif öyrənilib. 1970-ci illərin sonlarından etibarən And dağlarına 100-dən az elmi iş həsr olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər