Qonşularımız bizi niyə bağışlamırlar? - TƏHLİL
Bu məsələ uzun müddətdir müzakirə mövzusudur ki, nə
baş verdi müharibədən sonra? Xüsusilə də Azərbaycan əleyhinə olan hadisələrin
sayı artdı. Eləcə də müxtəlif formada Azərbaycan yeni reallıqlarla üz-üzə qaldı.
Təbii ki, çox zaman bunu müharibədən sonra Azərbaycanın
əldə elədiyi qələbənin təsiri ilə bölgədə yeni geosiyasi reallıqların yaranması
faktına bağlayırlar. Təbii ki, burada böyük bir haqq var. Amma unutmaq lazım
deyil ki, həqiqətən Azərbaycan müharibədən sonra böyük bir gücə çevrildi və
qalibiyyətin də öz əleyhdarları var. İstər-istəməz bu yanaşma nə qədər doğru
olduğunu biz zaman keçdikcə görürük.
Azərbaycan xəritəsinə baxdıqda reallıqları daha
aydın şəkildə başa düşmək olar. 2020-ci ildə Azərbaycan təxminən 30 illik işğal
tarixinə son qoydu və öz torpağını, beynəlxalq hüququn onun tərəfində olmasına
rəğmən, məhz ordusu hesabına, şəhidləri və böyük maliyyə xərcləri hesabına əldə
elədi.
Şübhəsiz ki, müasir dövrdə və hazırkı qlobal
nizamın da şərtlərini nəzərə alanda bu, misli görünməmiş bir hadisədir. Çünki
BMT-nin qətnamələri kağız üzərində qaldı. Amma Azərbaycan bu qətnamələri döyüş
meydanında yüksək uğurla icra elədi.
Həmin gündən sonra artıq Azərbaycan həmin o öyrəşilmiş,
məğlub, yazıq, torpaqları işğal altında olan ölkə imicindən çox sürətlə çıxa
bildi.
İlk olaraq biz Azərbaycanın qərb qonşusu olan Ermənistanla
münasibətlər haqqında danışmalıyıq. Və məlumdur ki, bu münasibətlər böyük bir
müharibə, Ermənistanın Azərbaycan torpaqlarına göz dikməsi kimi sonu məğlubiyyətlə
bitən yanaşmalara dayanır. Və Ermənistan Azərbaycan torpaqlarını istila
prosesini həyata keçirmək üçün uzun onilliklər böyük hazırlıqlar keçdi.
Və eləcə də torpaqların işğalı prosesində tək
olmadığını biz hər mərhələdə, hər bir işğal aktında, prosesində gördük.
Dünyanın böyük ölkələri tərəfindən necə dəstəklənir, hansı qlobal
korporasiyalardan maliyyə alır... Eyni zamanda bizim ordumuz formalaşmadığı bir
mərhələdə onlar necə nizami dəstələrlə, həm də bunun yanında muzdlular, qlobal şəbəkələrin
təşkil elədiyi terror qruplaşmaları ilə həyata keçirdilər.
Və müharibədə də biz kompleks şəkildə qalib gəlmişik.
Yəni təkcə Ermənistandan söhbət gedə bilməz. Və şübhəsiz ki, bax 2020-ci ilin
Azərbaycanı ki dərhal özünü təsdiq elədi, özünə gəldi və həmin o zəfər ədası ilə
xarici siyasət xəttini dəyişdirdi, bu qalibiyyət bölgədə çox böyük qısqanclığa,
qərəzə səbəb oldu.
Ondan dərhal sonra biz gördük: İranla başlayan gərginlik,
Rusiya ilə münasibətlərdə soyuqlaşma, Gürcüstanla müəyyən epizodik anlaşılmazlıq,
Avropa ölkələrinin Azərbaycan tətbiq elədiyi, Azərbaycan əleyhinə qəbul elədiyi
qətnamələr, ən azından Türkiyədə müəyyən qruplaşmaların anti-Azərbaycan mövqeləri...
Yəni bax bu, ciddi bir sual doğurur: niyə? Axı biz heç kimin torpağına daxil
olmadığımız halda, heç kimin daxili işlərinə qarışmadığımız halda bu və ya başqa
formada Azərbaycan əleyhinə sanki üst-üstə düşən və bir sinxron əlaqəyə malik
olan münasibətlər zənciri ilə üz-üzə qalırıq?
Əslində, çox sadə bir cavab var bu suala. Sadəcə,
həmin cavabın da böyük məsuliyyəti var. Lakin o deyilməlidir və yazılmalıdır
ki, bizim:
Haqlıyıq. Haqlı olduğumuza görə bizə hücum edirlər.
Qalib olduğumuz üçün bizi bağışlamırlar. Və nə qədər
acı da olsa, siyasət qaydalarının ruhu, məntiqi açıq şəkildə məhz bu mövqeyi təsdiq
eləyir.
Elə isə daha ətraflı şəkildə bu prosesə tək-tək
baxaq.
Tehran 2020-ci ilə qədər Ermənistanı özünün Cənubi
Qafqazdakı silləvuranı kimi görürdü. Zəngəzur vasitəsilə Ermənistan İranı Türkiyədən
və Azərbaycandan ayıran tampon zona kimi görürdü. Daha doğrusu, tampon idi. Və
Tehranın düşündüyü bu yanaşma 44 gün içində darmadağın oldu.
Dönüb geri baxdıqda Tehranın şimalla bağlı —
Qafqaz, Türkiyə və Azərbaycanla bağlı strategiyasının ən azı 200 illik yaşının
olduğu görünür və beləliklə də 44 gün ərzində Tehranın Cənubi Qafqazla bağlı
formalaşdırdığı 200 illik siyasət darmadağın oldu.
Və burada belə bir məntiq də meydana çıxır ki, İran
bizimlə yanaşı, bax özünün bu maraqlarına görə Azərbaycana mənfi münasibətlər bəsləyir.
30-40 milyonluq Güney Azərbaycan hər gün Araz sahillərini görür, Şuşaya baxır,
Laçına baxır. Bəs biz? İran İslam Respublikası bu aydın həqiqəti başa düşür.
Ona görə də Sepahın idarə elədiyi mərkəzlər gah sərhəddə təlimlər keçirib dövlət
sərhədlərini cəbhə xəttinə çevirməyə çalışırlar, gah o taydan dağlara Azərbaycan
tərəfindən görünən təhdidedici şüarlar yazırlar, gah mənasız İsrail şablonları
və cümlələr üzərindən Azərbaycana hücum təşkil eləməyə çalışırlar.

Biz bu məsələdə də haqsız deyilik. Biz hətta
Qarabağ azad olunma ərəfəsində ifşa elədik ki, İran Xankəndiyə tırlarla silah
daşıyır, qeyri-qanuni şəkildə yanacaq daşıyır. Bütün bunlara rəğmən, Azərbaycan
özünün tarixi yaddaşının bir küncünə İranın bizim o həssas anlarımızdakı etdiyi
hərəkətləri yazdı.
Və bu gün artıq İran yeni bir həqiqətlə üzbəüz
qalıb: 6 il əvvəlki ordusunu Vətən müharibəsinin gedişində Arazın şimalına çıxardığı
nöqtələrdə yox, TRIPP və ya Zəngəzur dəhlizi həqiqəti ilə üzbəüz qalıb. Və bunu
qəbul eləməyə də məcburdur.
Rusiya da 200 ildir Qafqazı özünün «zadnıy dvor»u
kimi görüb. 2020-ci ildə Azərbaycan MDB ölkələri arasında bəlkə də ilk addımı
atdı: Rusiyadan heç bir icazə almadan öz müharibəsini qazanmağa başladı. 2023-cü
ildə də Azərbaycan orada mülki missiya adı altında fəaliyyət göstərən rus qoşunlarının
olmasına baxmayaraq, Xankəndiyə daxil oldu. Və 2025-ci ildə də Azərbaycanın tələbi
ilə rus ordusu sülhməramlı adı altında fəaliyyətini yekunlaşdırıb Qarabağı və
Azərbaycanı birdəfəlik tərk elədi.
Əlbəttə, Moskva üçün bu bir travmadır. Moskvanın
dövlət, Rusiyanın da dövlət tarixi belə hadisələri yadında saxlayır, zamanı gələndə
əvəzini çıxmağa çalışacaq. Amma Rusiya bir psixoloji dövlət travmasının içərisinə
düşdü. Və bu, onu göstərdi ki, Ukrayna cəbhəsi Rusiya üçün bataqlığa çevrildiyi
bir vaxtda Cənubi Qafqaz Rusiya üçün itirilib. Və bunu faktiki olaraq dünyaya
göstərən, qlobal oyunçulara göstərən Azərbaycanın Cənubi Qafqazdakı qalibiyyəti
və mövqeyi idi.
Söz yox ki, biz Rusiya ilə düşmən olmadıq, amma
biz Qafqazdayıq, Cənubi Qafqazdayıq; Rusiya isə Cənubi Qafqazlı deyil. Və
Rusiyaya «Sən get, biz özümüz bilərik» yanaşması ilə elə Rus Evinin qapısından
da onları yola saldıq.
Azərbaycan bu prosesləri yumşaq güc və diplomatiya
ilə həll elədi. Heç bir rus əsgərini güllələmədik. Müqavilənin bu güllələrdən nə
qədər güclü olduğunu göstərdik.
Gürcüstanla da heç vaxt problemimiz olmayıb. Amma
Keşikçidağ, David Qareci, Borçalıda azərbaycanlıların məktəbləri ilə bağlı
yaranmış problemlər, Marneulidə azərbaycanlıların icra strukturlarına rəhbər gətirilməməsi
— yəni bu proseslər hər dəfə ciddi narazılıqlar doğurur. Tiflis, Gürcüstan bilməlidir
ki, reallıqlar çox dəyişib. Ən azından yarım milyon azərbaycanlının yaşadığı
Borçalı bölgəsinə görə Gürcüstan Azərbaycanın daha çox dəyərini, qədrini bilməlidir.
Gürcüstan Avropaya getdiyi qədər də şərqində yerləşən
Azərbaycandan böyük ölçüdə asılılığı var. Bu ifadəni ona görə işlətmək bəzən
yerinə düşmür ki, içərisində bir güclü dominasiya var, amma həqiqətən
Gürcüstanın Azərbaycandan enerji asılılığı, iqtisadi asılılığı Gürcüstanın
Rusiyadan siyasi baxımdan müstəqil olmasını şərtləndirir. Əks halda çevrilmişdi
Rusiyanın əlinin altındakı bir forposta.
Biz Gürcüstana qarşı münasibətlərdə heç vaxt
haqsız olmamışıq. Azərbaycan Gürcüstanı Abxaziya, Osetiya məsələsində dəstəkləyib.
Və Gürcüstanın çox can atıb özünü bir siyasi məkanda gördüyü Avropaya da Azərbaycanın
vasitəsilə gedir. Azərbaycanın qazı, işığı, nefti — onlar olmasa, Gürcüstan
Avropa üçün hansısa nəqliyyat nöqtəsində yerləşən ölkə deyil.
Avropa çox qəribə bir tərs psixologiya içərisində
çırpınır. Neftimizə möhtacdırlar, neftimizə möhtac olan bu demokratiya müəllimlərini
anlamaq həqiqətən də çətindir. Fransa Senatı qətnamə qəbul eləyir, Avropa
Parlamenti bizi qınayır və bütün bunların hamısının kökündə 30 illik işğal
faktoru dayanır. Halbuki həmin Avropa ATƏT-in Minsk qrupu kimi uğursuzların 30
illik fəaliyyətinə görə məsuliyyət daşıyır. Və bizə görə, açığı, Avropanın bax
bu proseslərdəki siyasi fəaliyyətinə verilən qiymət bircə sözlə ifadə olunur
ki, onların yanaşmaları 30 illik prosesdə çox ciddi şəkildə iflasa uğradı.
Üçüncü bir önəmli məsələ var: Avropa Rusiyadan qaz
ala bilmir və bu, Avropada çox böyük aqressiya yaradır. Amma qərb ölkələrinin
başa düşülməyəcək səviyyədə bir ikiüzlülüyü var. Təsəvvür eləyin ki, Azərbaycana
enerji ehtiyatları üzərindən çox ciddi şəkildə möhtacdırlar, lakin leksikonları
həm «sizə ehtiyacımız var», həm də «sizə əsəbiyik» məntiqinə söykənir.

Və Azərbaycandan tələb eləyirlər ki, özünün
haqlarını müdafiə eləməsin, hər cür qətnamə qəbul etsək də, Azərbaycan Avropa
ilə bağlı əks fikir sərgiləməsin. Yəni başa düşüləcək məntiq deyil. Necə yəni?
Biz Avropaya qaz satırıq. Avropa bizə minnətdar
olsun ki, ora miqrant göndərmirik. Bu gün Brüsseldə qışda evlər yanırsa və
buranın istiliyinin 10 faizi Azərbaycandan gedirsə, buna görə gəlib təşəkkür eləmək
lazımdır Azərbaycana.
Türkiyə ilə qardaşıq və bu qardaşlığın heç bir ölçüsü
ola bilməz. Lakin iki fərqli ölkənin hər birinin özünün marağı var. Bizi Orta dəhliz,
Zəngəzur, TRIPP, gömrük rüsumları, yük maşınlarının keçidi kimi məsələlər birləşdirir,
vahid qaydada addımlayırıq. Amma Türkiyənin yersiz kəsimlərinin iddiaları, Azərbaycanı
kiçik görmə baxışı, anlaşılmaz dərəcədə və başa düşülməz formada Azərbaycanı
incidəcək mövqelərin sərgilənməsi müəyyən epizodik narazılıqlara səbəb olur.
Ümumiyyətlə, bir həqiqət təsdiqlənib: 2020-ci ildən
sonra Bakı regional lider oldu, orta gücə çevrildi. Və bu gün başda Orta Asiya
respublikaları olmaqla regionda bir çox ölkələrin siyasi mərkəzi, qərarvericisi
Bakıdır.
Tarixdə də belə olub: güclü dövlət yarananda hamı
ona qarşı birləşir. Azərbaycan uzunmüddətli tarixi ərzində bu təmayüllərlə çox
üzləşib. Azərbaycan xalqını sanki gözüyaşlı görmək istəyən bir regional siyasi
mühit formalaşıb. Daimi məğlub siyasət sərgiləsin, qaçqın görüntüləri ilə
dünyada özü haqqında imic formalaşdırsın, qaçqın düşərgələrinin, insanların
palçıqda, yağışda, yazıq vəziyyətdə yaşaması ilə assosiasiya olunsun ölkəmizin
adı və bu çərçivədə ilişib qalsın.
Azərbaycan qalib gəlib, təbrik eləmək, yanında
durmaq, bu qalibiyyətin enerjisini bölüşmək, bunu inkişafa, regionda çiçəklənməyə
tətbiq eləmək daha ağıllı və rasional baxış olmalıdır. Amma biz tamamilə bunun əksini
görürük.
Bu xalq qalibdir və bu qalib xalq qalibiyyət çörəyini
yeyib onu daddıqdan sonra artıq gedişat dəyişir və onunla münasibətləri hərbi
dillə danışmaq olmaz.
Tarix həqiqətən də göstərir ki, haqlı olub qalib gələn
xalqlar bu cür müvəqqəti, epizodik hücumlara həmişə məruz qalır. Amma uzunmüddətli
perspektivdə onunla hesablaşmağa məspdurlar. Çünki son nöqtəni qoya biləcək heç
bir xarici dövlət yoxdur Azərbaycanla bağlı. Ona görə ki dövlət ağlı və
strateji güc bizim qarşımızdakı əks cəbhəni qısa müddət ərzində sıradan
çıxartmaq imkanlarına malikdir.
Ona görə də bu gün Azərbaycanla hesablaşırlar. Bu
gün dünyanın böyük dövlətləri Azərbaycan Prezidenti ilə o dünyanın gələcək
taleyinin müəyyən edilməsi nöqtəsində hesablaşırlar. Bu, Zəngəzur dəhlizinə görə
də belədir, Orta dəhlizə görə də belədir, Avropanın gələcək taleyinə görə də
belədir.
Və ən əsası, Azərbaycan əldə elədiyi imkanları
qoruya biləcək və onu uzun müddət daşıya biləcək, uzun müddətə tətbiq eləyə biləcək
hərbi imkanlara da malikdir.
Siyasi şərhçi Əziz Əlibəyli