İrəvan sülhə bir neçə gün uzaqdadır – Konstitusiya dəyişir, bəs digər şərtlər?
Ermənistan Təhlükəsizlik Şurasının katibi Amen Simonyan bildirib ki, ölkə Konstitusiyasına dəyişiklik edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması cəmi bir neçə gün çəkə bilər.
Maraqlıdır, Konstitusiya dəyişikliyindən sonra sülh müqaviləsinin imzalanması prosesi yekunlaşacaq, yoxsa tərəflər arasında yeni şərtlərin və ya fikir ayrılıqlarının ortaya çıxması ehtimalı da var?
Sözügedən mövzu ilə bağlı politoloq Yusif Bağırzadə TodayPress TV-yə açıqlamasında bildirib ki, Alen Simonyanın bu bəyanatı sülh prosesinin gələcək perspektivləri baxımından diqqətəlayiqdir.

“Bu bəyanat ilk baxışdan İrəvanın sülh müqaviləsinin imzalanmasına siyasi hazırlığını nümayiş etdirir. Lakin məsələyə daha geniş kontekstdə yanaşdıqda aydın olur ki, Konstitusiya dəyişikliyi prosesin qarşısındakı əsas maneələrdən birini aradan qaldırsa da, avtomatik olaraq bütün siyasi və hüquqi suallara son qoymaya da bilər”, - deyə o vurğulayıb.
Analitik xatırladıb ki, Ermənistan Konstitusiyasının preambulasında yer alan və Müstəqillik Bəyannaməsinə istinad edən müddəalar özündə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. O qeyd edib ki, xüsusilə həmin bəyannamədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı 1989-cu il qərarına istinadın mövcudluğu bizim narahatlığımızın əsasını təşkil edir. Buna görə də sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusion müstəvidə bu ziddiyyəti aradan qaldırması vacibdir.
“Ermənistanda Konstitusiyaya dəyişikliyindən sonrakı addımlara gəldikdə isə mövqeyimiz ondan ibarətdir ki, konstitusion problemin aradan qaldırılması sülh sazişinin imzalanması üçün əsas şərtlərdəndir. Lakin yekun qiymətləndirmə qəbul ediləcək dəyişikliklərin məzmunundan və onların Azərbaycanın narahatlıqlarını nə dərəcədə aradan qaldırmasından asılı olacaq. Eyni zamanda, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər praktiki məsələlərin həlli də ikitərəfli münasibətlərin normallaşmasının vacib istiqamətləri olaraq qalır.
Əsas məsələ yalnız Ermənistanın Konstitusiyaya dəyişiklik etməsi deyil, bu dəyişiklikdən sonra siyasi iradə nümayiş etdirərək razılaşdırılmış sənədi imzalamağa hazır olmasıdır. Konstitusiya məsələsinin həlli sülh müqaviləsinin imzalanması üçün hüquqi əngəli aradan qaldırır, lakin davamlı sülhün təmin olunması Ermənistanın üzərinə götürdüyü digər öhdəlikləri də yerinə yetirməsindən keçir”, - deyə Y. Bağırzadə izah edib.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Konstitusiyanı dəyişib, digər istiqamətlərdə - Zəngəzur dəhlizi, anklavda olan kəndlərin qaytarılması barədə real addımlar atmayacaqsa, o zaman sülh sazişinin imzalanması da problemə çevrilə bilər. Ona görə də, sülh sazişinin imzalanması digər istiqamətlərdə də əldə edilmiş razılaşmaların praktiki icrasından asılı olacaq.
Aysel Mətləb