YAP-ın tarixi missiyası və yeni siyasi hədəfləri
"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixində milli iradənin siyasi təşkilatlanması, Naxçıvanda əsası qoyulan siyasi hərəkatın sonradan müstəqil Azərbaycanın dövlətçilik sütunlarından birinə çevrilməsi hadisəsidir".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Deputatın sözlərinə görə, YAP-ın tarixi missiyasını anlamaq üçün onun yarandığı dövrün şərtlərini xatırlamaq kifayətdir.
"Mürəkkəb siyasi şəraitdə görkəmli ziyalıların Heydər Əliyevə müraciəti və onun ətrafında birləşməsi, partiyanın hakimiyyət uğrunda deyil, milli dövlətçiliyin xilası, müstəqilliyin və ümummilli birliyin qorunması zərurətindən irəli gəlirdi".
Komitə sədri əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ümumxalq partiyasına çevrilən bu siyasi təşkilat sonrakı mərhələdə Prezident İlham Əliyevin sədrliyi ilə yeni siyasi, iqtisadi, geosiyasi reallıqlara uyğun inkişaf edərək Azərbaycanın ən böyük siyasi qüvvəsi statusunu qoruyub saxlayıb.
"Bu gün YAP-ın qarşısında yeni tarixi mərhələnin tələblərindən irəli gələn missiya dayanır və Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında proqram xarakterli nitqi bu yeni tarixi mərhələnin siyasi gündəliyini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Vətən Müharibəsində qələbədən sonra yeni ideallar, ərazi bütövlüyü və suverenliyin bərpasından Böyük Qayıdışa, regional liderlikdən yeni iqtisadi və texnoloji hədəflərə doğru irəliləyiş partiyanın siyasi və ideoloji istiqamətlərinə yeni məzmun verir. YAP-ın dünənin tarixi təcrübəsini, gələcəyin strateji baxışını özündə birləşdirən siyasi təşkilat kimi qarşıya qoyduğu hədəflərə nail olacağına inam yüksəkdir", - deyə Z.Oruc fikrini tamamlayıb.
Qeyd edək ki, noyabrın 21-i Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34 ili tamam olur.
Türkan İsgəndərli