Avropa pulunu ödəyib, ABŞ vermir: Zelenski Vaşinqtona üz tutdu
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün ballistik raketləri vurmağa imkan verən raketlərin tədarükünə qoyulan maneəni aradan qaldırmağı istəyib.
TodayPress TV xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında Rusiyanın son bir həftə ərzində Ukraynanın 20 bölgəsinə təxminən 2 700 dron, 1 460-a yaxın aviasiya bombası və müxtəlif tipli 165 raket atdığını bildirib.
O qeyd edib ki, raketlərin əhəmiyyətli hissəsi, xüsusilə Şimali Koreya istehsalı olan ballistik raketlərdir. Zelenskinin sözlərinə görə, Rusiya bu raketlərin dəqiqliyini artırmaq üçün Pxenyana kömək edir.
Ukrayna lideri ABŞ-nin “Patriot” sistemləri üçün raketlərin tədarükünü gecikdirməsini anlamağın çətin olduğunu vurğulayıb. O, Avropa tərəfdaşlarının PURL proqramı çərçivəsində pulunu ödədiyi raketlərin Ukraynaya göndərilməsinə Vaşinqtonun icazə verməsinin vacibliyini qeyd edib.
Xatırladaq ki, daha əvvəl Ukrayna Pentaqonun digər ölkələrdən alınan “Patriot” raketlərinin Kiyevə ötürülməsinə razılıq verməyi gecikdirdiyini açıqlamışdı. Raketlər Avropa müttəfiqləri tərəfindən maliyyələşdirilsə də, ABŞ şirkəti tərəfindən istehsal olunduğuna görə onların ixracına Vaşinqtonun rəsmi razılığı tələb olunur.
Kübra Musayeva