Paşinyanın istefa oyunu: Nikol sülhdən qaçır? - TƏHLİL
Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi gələcəyi ilə bağlı sensasion bəyanat verib. O, yeni konstitusiyanın qəbul edilib-edilməməsindən asılı olmayaraq, baş nazir postunu tərk edəcəyini açıqlayıb.
Bəs Paşinyanın istefaya getməsi nə dərəcədə realdır? Belə bir addım atılarsa, Ermənistanda siyasi vəziyyət necə dəyişəcək və bu, regiondakı sülh prosesinə necə təsir göstərəcək?
Sözügedən məsələ ilə bağlı siyasi analitik Şakir Ağayev TodayPress TV-yə açıqlamasında bildirib ki, Paşinyanın son bəyanatları daha çox daxili siyasi mübarizə və ictimai rəyə təsir göstərmək məqsədi daşıyır:

“Son bir neçə gündə Paşinyan müxtəlif məzmunlu bəyanatlar verir, yeni konstitusiya layihəsi ilə bağlı bir neçə versiya irəli sürür. Onun parlamentdə konstitusiya referendumunun keçirilməsi üçün lazımi səs çoxluğu yoxdur. Bildiyimiz kimi, referendumun keçirilməsi üçün parlamentdə 70 səs tələb olunur, Paşinyan isə 64 səs toplaya bilir. Bu da referendumu hazırkı vəziyyətdə mümkünsüz edir.
Mən Paşinyanın yaxın vaxtlarda istefa verəcəyini düşünmürəm. Sadəcə, cəmiyyətdə belə bir siyasi ab-hava yaratmaq istəyir ki, ya referendum keçirilməli, konstitusiya dəyişdirilməli və onun irəli sürdüyü siyasi reallıq formalaşmalıdır, ya da müxalifət hakimiyyətə gələrək Ermənistanı yenidən xəyallar ölkəsinə çevirmək istəyəcək. Paşinyan müxalifəti cəmiyyətə müharibə tərəfdarı kimi təqdim etməyə çalışır. Onun müxtəlif bəyanatlarının əsas məqsədlərindən biri də budur”.
Analitik hesab edir ki, Paşinyan bu açıqlamaları ilə beynəlxalq ictimaiyyətə də müəyyən mesajlar verməyə çalışır.
Onun fikrincə, Ermənistanın baş naziri sülh prosesində maraqlı tərəfin məhz özü olduğunu göstərmək, mümkün maneələrə görə məsuliyyəti isə müxalifətin üzərinə qoymaq istəyir:
“Paşinyan xarici ölkələrə də göstərmək istəyir ki, sülh tərəfdarıdır, münasibətləri normallaşdırmaq və məsələləri həll etmək istəyir, ancaq mövcud müxalifət buna imkan vermir. Paşinyan hakimiyyətinin hazırkı vəziyyəti bir qədər mürəkkəbdir. Bunun əsas səbəblərindən biri də Rusiya ilə münasibətlərdir.
Bilirsiniz ki, Paşinyan dekabr ayında Moskvaya üç dəfə səfər edəcəyini bildirib. Bu səfərlər çərçivəsində, xüsusilə TRIPP layihəsi ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan dəmir yollarının vəziyyətini də müzakirə etməyi planlaşdırır. Bütün bunlar həm daxili auditoriyaya, həm də xarici ölkələrə hesablanmış addımlardır. Paşinyan bu yolla müəyyən mənada özünü sığortalamağa çalışır”.
Müsahibimizin sözlərinə görə, Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsində də siyasi məsuliyyəti üzərindən atmağa çalışır.
Analitik Azərbaycanın konstitusiya dəyişikliyi və sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyinə diqqət çəkib:
“Azərbaycanın haqlı tələbi var: Ermənistan konstitusiyasını dəyişdirməli və sülh müqaviləsi tezliklə imzalanmalıdır. Paşinyan isə bir növ sülh müqaviləsinin imzalanmasını uzatmaq və ya bunun özündən asılı olmadığını göstərmək üçün müxtəlif variantlar irəli sürür. O, maneələrin mövcudluğunu qabartmaqla məsuliyyəti başqa siyasi qüvvələrin üzərinə yönəltməyə çalışır. Buna görə də hesab etmirəm ki, Paşinyan istefa verəcək”.
Politoloq mümkün istefanın regiona təsirlərindən danışarkən bildirib ki, hazırkı müxalifətin hakimiyyətə gəlməsi Ermənistanın xarici siyasətində və Azərbaycanla münasibətlərində əlavə mürəkkəblik yarada bilər:
“Nəzəri cəhətdən Paşinyanın istefa verdiyini və hökumətinin getdiyini fərz etsək, bu halda regiondakı vəziyyət dəyişə bilər. Əgər indiki müxalifət hakimiyyətə gələrsə, təbii ki, müəyyən mürəkkəbliklər yaranacaq. Ancaq kim hakimiyyətə gəlirsə-gəlsin, Azərbaycan üçün ciddi təhlükə görmürəm. Azərbaycanın istəyi sülh müqaviləsinin imzalanması, regionda yaranmış sabitliyin qorunması və bu sülhün uzunmüddətli, etibarlı təminatının yaradılmasıdır.
Əslində, bu sülh Ermənistana daha çox lazımdır. Çünki ölkənin hazırkı vəziyyəti heç də asan deyil, kifayət qədər mürəkkəbdir. Ermənistan cəmiyyəti üçün belə bir dəyişiklik müəyyən fəsadlara və problemlərə səbəb ola bilər. Amma Paşinyanın hakimiyyətdən getməsinin Azərbaycan üçün ciddi təhlükə yaradacağını düşünmürəm. Hətta onun istefası baş versə belə, bunun Azərbaycanın maraqları baxımından həlledici əhəmiyyət daşıyacağı qənaətində deyiləm”.
Jalə Rövşən