Üç liderin 4 bəndlik razılaşmasında hansı SİRLƏR gizlənir?

Üç liderin 4 bəndlik razılaşmasında hansı SİRLƏR gizlənir?
19.11.2026 22:20 Təhlil

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin üçtərəfli görüşünün yekununda qəbul edilən dörd bəndlik bəyannamə üç ölkənin geosiyasi maraqlarını əks etdirir.

TodayPress TV xəbər verir ki, siyasi şərhçi, politoloq Asif Nərimanlı bu barədə özünün “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, sənəd strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunması məqsədi daşısa da, əslində tərəflərin siyasi və iqtisadi maraqlarına xidmət edir.

Politoloqun sözlərinə görə, bəyannamənin ilk bəndində BMT-də islahatların aparılmasının vacibliyi vurğulanır. Lakin bu çağırışın arxasında ABŞ, Rusiya və Çinin fərqli maraqları dayanır. ABŞ BMT-nin beynəlxalq proseslərdə rolunun zəifləməsində, Rusiya təşkilat daxilində mövqeyinin gücləndirilməsində, Çin isə BMT mərkəzli dünya nizamının qorunmasında maraqlıdır.

A.Nərimanlı qeyd edib ki, tərəflərin islahat çağırışı daha çox BMT ilə bağlı ortaq razılaşma görüntüsü yaradır. Bununla belə, praktikada real islahatlara dəstək vermələri ehtimalı zəifdir.

Politoloq bəyannamənin enerji ilə bağlı ikinci bəndinə də diqqət çəkib. O bildirib ki, neft məhsullarının istehsalı və tədarükünün artırılması, sabit enerji təchizatının təmin edilməsi ilə bağlı razılaşma Hörmüz boğazında yaranan problemlər fonunda xüsusi əhəmiyyət daşıyır.

Onun fikrincə, ABŞ bu müddəadan Rusiya ilə enerji əməkdaşlığını genişləndirmək və Yaxın Şərqdə enerji təchizatı ilə bağlı problemlərə qarşı addımlarını əsaslandırmaq üçün istifadə edə bilər. Eyni zamanda, Rusiyanın enerji resurslarına tətbiq edilən sanksiyaların yumşaldılması ehtimalı da istisna olunmur.

A.Nərimanlı üçüncü bəndin Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinə aid olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət vəzifəli şəxslərinin toxunulmazlığına hörmət və beynəlxalq məhkəmələrin səlahiyyətlərindən sui-istifadə edilməməsi ilə bağlı müddəa Putinə qarşı çıxarılmış qərarların legitimliyini sual altına alır.

Politoloq hesab edir ki, bu yanaşma təkcə Putinin müdafiəsi ilə məhdudlaşmır, həm də beynəlxalq hüquqda cəzasızlıq mühitini gücləndirir. Beləliklə, üç ölkə faktiki olaraq “güclünün haqlı olduğu” sistemi müdafiə edir.

Bəyannamənin dördüncü bəndinə toxunan A.Nərimanlı bildirib ki, nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı razılaşma da tərəflərin strateji maraqları ilə əlaqəlidir.

Onun sözlərinə görə, ABŞ bu müddəadan İranın nüvə proqramına qarşı mövqeyini gücləndirmək, eyni zamanda Çinin yeni START müqaviləsinə qoşulmasına nail olmaq üçün istifadə edə bilər. Çin isə nüvə arsenalını genişləndirmək niyyətində olduğundan bu müqaviləyə qoşulmağı təxirə salmağa çalışır.

A.Nərimanlı vurğulayıb ki, üçtərəfli görüş və qəbul edilən bəyannamə Vaşinqton, Pekin və Moskvanın gələcək geosiyasi güc balansının məhz bu üçbucaq daxilində müəyyənləşdiriləcəyi mesajını verir.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər