Nə yediyiniz yox, NƏ VAXT yediyiniz önəmlidir - Arıqlamağın əsl sirri
Səhər daha erkən yeməyə başlayan və gecə daha uzun müddət qida qəbul etməyən insanların bədən kütlə indeksi (BKİ) orta hesabla daha aşağı olub.
TodayPress TV xəbər verir ki, bunu Barselona Qlobal Sağlamlıq İnstitutunun tədqiqatçıları və onların həmkarları İspaniya üzrə apardıqları araşdırmada müəyyən ediblər.
Alimlər 40-65 yaş arası 7 074 nəfərin məlumatlarını təhlil ediblər. Onlar iştirakçıların boy və çəkisini, gün ərzində ilk və sonuncu dəfə nə vaxt yemək yediklərini, qidalanma tezliyini, həmçinin axşam yeməyi ilə səhər yeməyi arasında nə qədər vaxt keçdiyini müqayisə ediblər. İştirakçıların bir qismi üzrə təxminən beş il sonra təkrar məlumatlar da əldə edilib.
Təhlil zamanı ilk qida qəbulunun daha gec olması yüksək BKİ ilə, gecə qida qəbuluna daha uzun fasilə verilməsi isə aşağı BKİ ilə əlaqələndirilib. Bununla belə, gecə qida fasiləsini uzatmağın yolları fərqli olub. Bəzi iştirakçılar axşam daha erkən yeməyi dayandırıb, digərləri isə ilk qida qəbulunu günün ortalarına qədər gecikdiriblər. Səhər yeməyini faktiki olaraq ötürən kişilərdən ibarət ayrıca qrupda isə uzun qida fasiləsinin çəki baxımından üstünlüklə əlaqəli olmadığı müəyyən edilib.
Tədqiqat müəllifləri qidalanma vaxtının orqanizmin daxili saatı ilə uyğunluğunun əhəmiyyətli ola biləcəyini düşünürlər. Maddələr mübadiləsi və iştahanın tənzimlənməsi gün ərzində dəyişdiyindən, eyni uzunluqdakı qida fasiləsi sutkanın fərqli vaxtlarına düşə və orqanizmə müxtəlif təsir göstərə bilər.
Aysel Mətləb