Moskva-Berlin xəttində qapılar bir-bir bağlanır - Diplomatik savaş hara gedir?

Moskva-Berlin xəttində qapılar bir-bir bağlanır - Diplomatik savaş hara gedir?
08.09.2026 21:11 Təhlil

Almaniya hökuməti avqustun əvvəlində Leypsiq hava limanında aşkar edilən dronla bağlı insidentə görə sentyabrın 18-də Rusiyanın Bonndakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib.

Berlinin bu qərarından sonra, Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və Rusiyadakı Höte adına mədəniyyət mərkəzlərinin sentyabrın 18-dən gec olmayaraq fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə TodayPress TV-yə açıqlamasında bildirib ki, Rusiya ilə Almaniyanın qarşılıqlı şəkildə konsulluqları bağlaması iki ölkə arasında münasibətlərin nə qədər dərin böhran keçirdiyini göstərən mühüm siyasi siqnaldır.


Ekspert xatırladıb ki, sözügedən hadisələr Leypsiq hava limanında baş vermiş və partlayıcı maddə daşıdığı bildirilən dron insidentindən sonra qeydə alınıb. O vurğulayıb ki, bu baş verənlər yeni prosesin başlanğıcı deyil, uzun müddətdir davam edən qarşılıqlı diplomatik məhdudiyyətlərin növbəti mərhələsidir.

“Hələ 2023-cü ildə Rusiya Almaniyanın diplomatik nümayəndəliklərində çalışan şəxslərin sayına məhdudiyyət qoymuş, Berlin isə buna cavab olaraq Rusiyanın Almaniyadakı konsulluqlarının böyük hissəsinin bağlanmasına qərar vermişdi. Beləliklə, konsulluqların bağlanması artıq iki ölkənin münasibətlərində qarşılıqlı addımlara əsaslanan təzyiq mexanizminə çevrilib”, - deyə şərhçi izah edib.

Y. Bağırzadənin sözlərinə görə, bunun əsas nəticəsi diplomatik əlaqələrin tam kəsilməsi deyil, onların məzmununun zəifləməsidir. Belə ki, konsulluqlar və mədəniyyət mərkəzləri yalnız viza və sənəd işləri ilə məşğul olmur. Onlar cəmiyyətlər arasında əlaqələrin, informasiya mübadiləsinin və qeyri-rəsmi diplomatiyanın kanallarıdır. Bu kanalların bağlanması qarşı tərəfin niyyətlərini daha çox təhlükəsizlik prizmasından qiymətləndirməsinə gətirib çıxara bilər.


Siyasi şərhçi əlavə edib ki, hazırda gedən qarşılıqlı ittihamlar diplomatik münasibətlərin gələcəkdə daha da pisləşməsi ehtimalını artırır. Xüsusilə casusluq, sabotaj, kibermüharibə və hibrid təhdidlər barədə qarşılıqlı ittihamların artması yeni diplomatik, yaxud iqtisadi cavab tədbirlərinə səbəb ola bilər. Lakin konsulluqların bağlanması diplomatik münasibətlərin tamamilə kəsiləcəyi anlamına da gəlmir:

“Hazırda həm Berlin, həm də Moskva üçün səfirlik səviyyəsində əlaqə kanalının saxlanılması müəyyən əhəmiyyət daşıyır. Çünki hətta münasibətlərin ən gərgin dövründə belə, böhranların idarə olunması, vətəndaşların müdafiəsi və mümkün gələcək danışıqlar üçün minimal diplomatik kanalın qalması tərəflərin öz maraqlarına uyğundur”.

Politoloq hesab edir ki, Rusiya-Almaniya münasibətlərinin yaxın gələcəkdə normallaşması çətin görünür. Əksinə, Ukrayna müharibəsi, təhlükəsizlik ittihamları və qarşılıqlı etimadsızlıq davam etdikcə konsulluqların bağlanması kimi yeni addımların atılması mümkündür.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər